17 saylı cəzaçəkmə müəssisəsində zorakılıq: "Məhbusun başı qapı arasında sıxılıb"
- IHR
- 2 days ago
- 1 min read

Aprelin 30-da 17 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların işçilər tərəfindən zorakılığa məruz qaldığı barədə məlumat yayılıb. Jurnalist Arzu Abdulla bu barədə müəssisədə saxlanılan bəzi məhbusların yaxınlarına istinadən məlumat verib. Onun sözlərinə görə, müəssisə əməkdaşları məhbusların saxlandığı kameralara daxil olaraq onların çarpayılarını tərsinə çeviriblər. Onlar həmçinin termosları sındırıb, döşəklərini və pullarını əllərindən alıblar.
İddia olunur ki, dini fəal Rövşən Cabbarov məhbusların pullarının qaytarılmasını tələb edərkən, mühafizəçilər onun başını qapı arasında sıxıblar. O, huşunu itirib. Jurnalist əlavə edib ki, Rövşən Cabbarov da daxil olmaqla bir neçə məhbus döyülüb. Onların saçları qırxılıb və cərimə təcridxanasına (karserə) salınıblar.
Arzu Abdullanın sözlərinə görə, hadisəyə məhbusların 17 saylı həbsxanada su və kanalizasiya problemlərinə qarşı etiraz etmələri səbəb olub. Məhbuslar bildirirlər ki, hamamdan istifadə edərkən onları tok vurur. 12 saylı Cəzaçəkmə Müəssisəsində tavanın iki dəfə uçması nəticəsində bir məhbusun ölümü məhbusların təhlükəsizliyinin təmin olunmadığını göstərir. Bir neçə məhbus ağır yaralanıb. Bu yaxınlarda isə 6 saylı Cəzaçəkmə Müəssisəsində bir bina tamamilə yanıb.
Bu hadisələr sübut edir ki, məhbuslar təhlükəsizlikdə deyillər. Bütün bunlara etiraz edən məhbuslar dəfələrlə döyülürlər. Daha sonra onlar "Umbakı" Cəzaçəkmə Kompleksinə və digər qapalı rejimli həbsxanalara göndərilirlər. Ədalətsizliyə etiraz edən məhbusların ailələri ilə görüşməsinə problemlər yaradılır. Onların telefonla danışması və sovqat alması çətinləşir.
Jurnalist məhbus ailələrinə istinadən əlavə edir ki, hadisənin baş verdiyi binada əksəriyyəti dini fəallar təşkil edir. Müəssisənin rəhbəri Şəfayət Abbasov və müavini Emin Eminəliyev onlara qarşı "qərəz nümayiş etdirirlər". Məsələ ilə bağlı 17 saylı həbsxananın və Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.
.png)



Comments