Azər Qasımlının həbsinə səbəb olan şəxs onun həyat yoldaşına qarşı da hüquqi proses başladıb
- IHR
- 8 hours ago
- 1 min read

Həbsdə olan siyasətçi, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı xüsusi ittiham qaydasında məhkəməyə verilib.
O bildirib ki, Azər Qasımlıdan şikayətçi olan şəxs — Qurbanəli Yusifov indi də ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittiham irəli sürüb.
"Bu gün günorta saatlarında telefonuma Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında işin qeydə alınması ilə bağlı SMS bildiriş gəldi," – deyə Samirə Qasımlı bildirib. "Elektron sistemə daxil olduqda öyrəndim ki, Azər Qasımlının əleyhinə ifadə verən şəxs, Qurbanəli Yusifov məni Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə ittiham edir."
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkilləri qeyd ediblər ki, Yusifovun Azər Qasımlıya borcu olduğunu təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur.
Siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu tətbiq etməklə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.
Azər Qasımlı həbsinin siyasi motivli olduğunu və ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirir.
.png)



Comments