top of page

"Azərbaycanda kimsə mənə rüşvət verməyə cürət etməz"

  • IHR
  • 2 days ago
  • 2 min read

Bir vaxtlar ABŞ-ın Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verib. O, ötən ilin əvvəlindən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən yerli və beynəlxalq təşkilatlara qarşı aparılan araşdırma çərçivəsində cinayət məsuliyyətinə cəlb edilmiş 15 vətəndaş cəmiyyəti nümayəndəsindən biridir.


M. Rəhimli cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və sənəd saxtakarlığında ittiham olunur.


Bu ittihamların hər birinin əsassız olduğunu vurğulayan M. Rəhimli ifadəsində əvvəlcə təhsili və fəaliyyəti barədə məhkəməyə ətraflı məlumat verib. Onun sözlərinə görə, o, təşkilatlarda fəaliyyətinə 2005-ci ildən başlayıb.


2005-2006-cı illərdə Heynrix Böll Fondunda tədqiqatçı olub.

2007-2008-ci illərdə "World Vision" humanitar təşkilatında ictimai vəkillik meneceri kimi çalışıb.

2008-ci ilin noyabrından isə ABŞ-ın Alman Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi vəzifəsində fəaliyyət göstərib.


"Mən heç bir sənədə imza atmamışam. Vəsaitlərin köçürülməsində heç bir rolum olmayıb"


Cinayət işindəki ittihamlar Alman Marşall Fondu ilə bağlıdır. M. Rəhimli vurğulayıb ki, o, bu təşkilatla xidməti müqavilə bağlayıb və bunun əsasında məsləhətçi kimi fəaliyyət göstərib. Onun fəaliyyəti Fondun Buxarest ofisinə təqdim olunan layihələr barədə rəy verməkdən ibarət olub.


"Hər bir layihə baxıldıqdan sonra əvvəlcə Fondun Buxarest ofisində, daha sonra Vaşinqtondakı baş ofisdə və Direktorlar Şurasında təhlil edilirdi və yekun qərar verilirdi. Mən heç bir müqavilənin tərəfi olmamışam, Fondun adından heç bir sənəd imzalamamışam və vəsaitlərin köçürülməsində rolum olmayıb", – deyə M. Rəhimli bildirib.


O qeyd edib ki, Alman Marşall Fondu ilə xidmət müqaviləsi əsasında əməkdaşlıq etdiyi dövrdə gəlirləri rəsmi olaraq Beynəlxalq Bankdakı hesabına köçürülüb. Bu gəlirlər vergilər ödənildikdən sonra illik hesabatlar şəklində bəyan edilib.


M. Rəhimli həmçinin bildirib ki, məsləhətçi olduğu 2008-2024-cü illər ərzində Alman Marşall Fondu Azərbaycanda hər il orta hesabla 8-10 layihəyə vəsait ayırıb. Bunlar əsasən qadınların səlahiyyətləndirilməsi, erkən və məcburi nikahların qarşısının alınması, təhsil və sosialyönümlü təşəbbüslər olub. Ən böyük və davamlı maliyyə dəstəyini Autizm Mərkəzi alıb.


Dəstək həmçinin ölkə daxilində icma quruculuğu, qadın sahibkarlığı, ekoloji təşəbbüslər və maarifləndirmə işlərinə yönəldilib. Məsələn, Fondun dəstəyi ilə Azərbaycanın ucqar kəndlərində 27 kitabxana açılıb.


M. Rəhimli ifadəsindən sonra prokurorun suallarını cavablandırıb. Dövlət ittihamçısı ondan həbsdə olan vətəndaş cəmiyyəti fəallarından kimləri tanıdığını və əlavə gəlir əldə etmək üçün kimlərlə əvvəlcədən razılığa gəldiyini soruşub.


"Azərbaycanda kimsə mənə rüşvət verməyə, hətta bunu təklif etməyə cürət etməz", – deyə M. Rəhimli prokurora cavab verib.


O, həmçinin həbsdə olan vətəndaş cəmiyyəti fəallarının əksəriyyətini tanıdığını və işlə bağlı onlarla ünsiyyətdə olduğunu bildirib. Məhkəmə prosesi mayın 18-də davam edəcək.


Hazırda yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı işlərdə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarının əksəriyyəti Baş Prokurorluğun İstintaq İdarəsində aparılan işlər üzrə mühakimə olunurlar. Onların arasında "Mülki Haqlar İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçkilərin Müşahidəsi Alyansının rəhbəri Məmməd Məmmədzadə, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, "İqtisadi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri Qalib Bayramov, qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarova və başqaları var.


"Ubuntu" Sosial İş Assosiasiyasının təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, ictimai fəallar Aygül Pəncəliyeva və Asiman Qocayevin məhkəməsi başa çatıb. Zəkiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Pəncəliyeva və Qocayevə isə şərti cəza verilib.


Hazırda xaricdə olan Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində isə həbs qətimkan tədbiri seçilib və onlar axtarışa veriliblər.


QHT nümayəndələri ittihamları rədd edirlər.


 
 
 

Comments


bottom of page