AŞPA məruzəçisi Əli Kərimlinin həbsi ilə bağlı narahatlığını bildirib
- IHR
- 16 hours ago
- 1 min read

AŞPA-nın siyasi məhbuslar üzrə Baş məruzəçisi Azadə Rojhan (İsveç, Sosialistlər Qrupu) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi ilə bağlı bəyanatla çıxış edib.
“Əli Kərimlinin hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə həbs edilməsi barədə son qərar məni dərindən narahat edir. Bu, Azərbaycanda siyasi müxalifət üçün məkanın daralması ilə bağlı narahatlıq doğuran tendensiyanın son hadisəsidir,” – deyə o bildirib.
AŞPA nümayəndəsi vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) daha əvvəl iki dəfə onun xeyrinə qərar çıxarıb, xüsusən də onun seçkilərdə iştirak etmək hüququnun və sərbəst hərəkət etmək hüququnun pozulduğunu müəyyən edib. Baş məruzəçi qeyd edib ki: “Mən Azərbaycan hakimiyyətini Əli Kərimliyə qarşı irəli sürülən ittihamlara dərhal yenidən baxmağa və ona qarşı davam edən cinayət işinin Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərinə tam uyğun olaraq aparılmasını təmin etməyə çağırıram.”
Noyabrın 29-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları axtarışlardan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlini və onun müşaviri, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıblar. Partiya bu həbsləri siyasi motivli adlandırıb və onları hakimiyyətin "Azərbaycanda sonuncu müstəqil siyasi qüvvəni məhv etmək" cəhdi kimi qiymətləndirib. Dekabrın 1-də məhkəmə hər ikisini 2,5 ay müddətinə həbs edib.
.png)



Comments