Fəal Laçın Vəliyev həbsxanada döyülməsindən şikayətlənib
- IHR
- Jan 1
- 2 min read

Azərbaycanda cəza çəkən fəal Laçın Vəliyev koloniyada siyasi məhbusların hüquqlarının müdafiəsi strukturunun yaradılması təşəbbüsündə iştirak etdikdən sonra başqa cəzaçəkmə müəssisəsinə köçürülüb və orada cərimə təcridxanasına (karserə) salınıb.
Bakıdakı 2 saylı koloniyanın altı məhbusu noyabrın 24-də “Siyasi Məhbusların Müdafiə Komitəsi”nin (SMMK) yaradıldığını elan edib. Təşəbbüs tərəfindən yayılan bəyanatda deyilir ki, belə bir qrupun yaradılması qərarı Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasının “kritik həddə çatması və sistemli xarakter alması” nəzərə alınaraq qəbul edilib. Bəyanatı araşdırmaçı jurnalist Hafiz Babalı, iqtisadçı Fazil Qasımov, həmkarlar ittifaqı fəalı Afiyəddin Məmmədov, keçmiş siyasi mühacir Samir Aşurov, fəal Laçın Vəliyev və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyev imzalayıblar.
Həyat yoldaşının verdiyi məlumata görə, 2 saylı koloniyada "Siyasi Məhbusların Müdafiə Komitəsi" elan edildikdən bir neçə gün sonra Vəliyev 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb və orada 23 gün karserdə saxlanılıb.
Zülfiyyə Vəliyevanın sözlərinə görə, fəal dekabrın 29-da evə zəng edərək son vaxtlar başına gələnlərdən danışıb.
“Laçın siyasi məhbusların müdafiə komitəsinin üzvü olduqdan sonra 2 saylı koloniyada ona təzyiqlər başlanıb. Bir neçə gün sonra onu 17 saylı koloniyaya göndəriblər, orada onu döyüblər və 23 gün qaldığı karserə salıblar. Laçın dedi ki, koloniyanın rəisi onu təhqiramiz və alçaldıcı sözlərlə təhqir edir”, - deyə Z. Vəliyeva bildirib.
O, həmçinin həyat yoldaşının səhhətinin pisləşdiyini qeyd edib: “Laçın dedi ki, döyülmədən sonra ağrıları keçmir, əksinə daha da şiddətlənib, lakin yoldaşımı müalicə etmirlər”.
Fəal 17 saylı müəssisədə özünü təhlükədə hiss etdiyi üçün yenidən 2 saylı koloniyaya qaytarılması barədə ərizə yazsa da, L. Vəliyevin müraciəti rədd edilib. Laçın Vəliyev 20 mart 2021-ci ildə saxlanılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi və dələduzluqda ittiham olunub. O, özünü təqsirli bilməyib. Müdafiə tərəfi və digər fəallar ittihamların uydurma olduğunu hesab edərək bu işdə siyasi motivlər görüblər. Məhkəmə Vəliyevi 7,5 il müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
.png)



Comments