top of page

Müdafiə tərəfi İstintaqın Vəkil Qəhrəmanovun Hüquqlarını Əsassız Məhdudlaşdırdığını Bildirib

  • IHR
  • Nov 15
  • 2 min read
Həbsdə olan vəkil Zabil Qəhrəmanovun ailə görüşləri məhdudlaşdırıldı. Vəkillər bu qərarı "ədalətsiz" sayır və apellyasiya şikayəti verirlər. Müstəntiqlərin səlahiyyətindən sui-istifadə etməsi və məhkəmələrin bu hallara şərait yaratması barədə tam məlumatı oxuyun.
Zabil Qəhrəmanov

Hal-hazırda Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan vəkil Zabil Qəhrəmanovun ailəsi ilə görüş və telefon danışıqları hüquqları məhdudlaşdırılıb.


Bu qərarı Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi Rəşad Süleymanov qəbul edib.


Vəkillər qadağadan məhkəməyə şikayət veriblər.


Şikayətə noyabrın 14-də Gəncə Şəhər Məhkəməsində baxılıb.


Qəhrəmanovun vəkili Səadət Seyidlinin verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.


Vəkil bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarını "ədalətsiz və qərəzli" hesab edir və apellyasiya şikayəti vermək niyyətindədir.


"Müstəntiqin qərarından Zabil Qəhrəmanovun görüş və telefon danışıqları hüququnun hansı əsasla məhdudlaşdırıldığı aydın deyil.


Ailə ilə ünsiyyət həbsdə olan şəxsin əsas hüquqlarından biridir və onun məhdudlaşdırılması üçün çox ciddi arqumentlər olmalıdır. Təəssüf ki, məhkəmə də öz qərarını əsaslandırmağı lazım bilməyib", - deyə vəkil qeyd edib.


Qəhrəmanovun digər vəkili Nazim Musayev bildirib ki, müstəntiqlər tez-tez qanunun normalarından sui-istifadə edərək həbs edilmiş şəxslərin görüş və telefon danışıqları hüquqlarını əsassız yerə məhdudlaşdırırlar.


Vəkil əlavə edib ki, məhkəmələr müstəntiqlərin səlahiyyətlərini aşması ilə bağlı şikayətləri təmin etməyərək bu sui-istifadələrə şərait yaradırlar.


"Əgər müstəntiq əsassız qərarının məhkəmə tərəfindən ləğv ediləcəyini bilsəydi, həbs edilmiş şəxsin hüquqlarını məhdudlaşdırmazdı. Müstəntiq hakimin onun qərarını ləğv etməyəcəyinə əmin olduqda isə özbaşına, öz istəyinə görə hərəkət edir. Buna görə də, müstəntiqə belə bir hüquq verən qanun norması ümumiyyətlə ləğv edilməlidir", - Musayev vurğulayıb.


Qəhrəmanov oktyabrın 23-də guya avtoyumada bir şəxsə bədən xəsarətləri yetirdiyinə görə saxlanılıb.


Yaxınları bildiriblər ki, Gəncə Şəhər Məhkəməsi oktyabrın 25-də vəkil Zabil Qəhrəmanov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.


Qəhrəmanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.2.2-ci (Hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) və 178.2.4-cü (Xeyli miqdarda zərər vurmaqla törədilmiş dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə Qəhrəmanovu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Vəkil ittihamları rədd edir.


Bundan əvvəl Qəhrəmanovun vəkillik fəaliyyəti dayandırılmışdı.


Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu qərarı oktyabrın 8-də guya Qəhrəmanovun "intizam pozuntularına" görə qəbul edib.


Yerli fəallar hesab edirlər ki, Qəhrəmanovun fəaliyyətinin dayandırılması onun Gəncə polisinin işi ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə əlaqədardır.


Qəhrəmanov bir neçə məşhur işdə, o cümlədən İlkin Süleymanovun (11 yaşlı Nərmin Quliyevanın oğurlanması və qətlində ittiham olunan) və Polad İsmayılovun (qətlə görə 11 il həbs cəzası almış, lakin dörd il sonra bəraət almış) işlərində müdafiəçi kimi çıxış edib. O, həmçinin Sahib Məmmədzadə, Şahin Hacıyev və digər müxalifətçilərin maraqlarını təmsil edib.

 
 
 

Comments


bottom of page