Məhkəmə Namizad Səfərovu 4 ay müddətinə həbs edib
- IHR
- Dec 12, 2025
- 2 min read

Dekabrın 11-də Bakının Xətai Rayon Məhkəməsi hüquqşünas və hüquq müdafiəçisi Namizad Səfərov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçib.
Hüquqşünas Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsi ilə ittiham olunur.
Hökumətyönlü APA agentliyinin məlumatına görə, Səfərov “53 min manat mənimsəməkdə” (31 min ABŞ dolları) ittiham olunur. Agentlik, istintaq materiallarına istinadən iddia edir ki, Səfərov “özünü vəkil kimi təqdim edərək” işdən çıxarılmış vətəndaşa vəzifəsinə bərpa olunacağına söz verib, lakin bu işi görməyib və ona qarşı polisə şikayət edilib.
Azərbaycan müxalifətinin nümayəndələri ittihamın etibarlılığına şübhə ilə yanaşıblar.
“Mən Namizad Səfərovu uzun illərdir ki, hüquq və azadlıqları pozulan sadə insanların müdafiəçisi kimi tanıyıram. Kasıb və kimsəsizlər artıq şikayət edəcək yerləri qalmayanda ona müraciət edirdilər. Qanun hələ vəkil statusundan məhrum edilmiş hüquqşünaslara məhkəmə işlərinə çıxmağa icazə verəndə o, onlara məsləhət verirdi, məhkəmələrdə müdafiə edirdi. O, dürüst, ağıllı bir insan, həqiqətin tərəfdarıdır. 1990-cı illərdə, hələ vəkil olarkən, o, cəsarətlə siyasi işlərə çıxırdı. Namizad Səfərov, əvvəllər saxta ittihamlarla həbs edilən siyasətçilər və hüquq müdafiəçiləri Tofiq Yaqublu, Azər Qasımlı və Rüfət Səfərov kimi, indi də böhtana məruz qalıb. Bu şəxs kasıblara təmənnasız hüquqi yardım göstəribsə, onu 50 mindən çox manat mənimsəməkdə ittiham etmək absurddur. Səfərovun həbsinin əsl səbəbi onun fəal vətəndaş mövqeyi, məmur özbaşınalığını, korrupsiyanı və vətəndaş hüquqlarının pozulmasını tənqid etməsidir”, - deyə Milli Demokratik Qüvvələr Şurasının sədri Cəmil Həsənli Facebook-da yazıb.
Namizad Səfərov fəal vətəndaş mövqeyi, ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə tanınır.
O, 1990-cı illərin əvvəllərindən vəkillik fəaliyyəti ilə məşğul olub. Lakin 2005-ci ildə Səfərov Vəkillər Kollegiyasından xaric edilib və bu qərarı qurumun rəhbərliyini tənqid etməsi ilə əlaqələndirirdi.
Səfərov fəal ictimai-siyasi fəaliyyətlə məşğul olub, 2013-cü ildə Milli Demokratik Qüvvələr Şurasının yaradılmasında iştirak edib.
2024-cü ildə Səfərov xaricdəki siyasi mühacirlər tərəfindən yaradılmış “Azərbaycan Xalq Məclisi”nin üzvü olub.
.png)



Comments