top of page

SƏS HÜQUQU OLMAYAN BAKI: AZAD OLMAYAN ŞƏHƏR TƏHLÜKƏSİZ OLA BİLƏRMİ?

  • IHR
  • 3 days ago
  • 8 min read

Updated: 1 day ago

Emin Hüseynov Bakıda WUF13-ü tənqid edir: seçilməmiş mer, bağlı sərhədlər və həbsdə olan jurnalistlər. İnsan hüquqları və demokratiya olmadan bir şəhər nə dərəcədə təhlükəsiz ola bilər? Sürgündə olan hüquq müdafiəçisinin həqiqətləri. Oxuyun və paylaşın.

Bu gün, mayın 17-də Bakıda Ümumdünya Urbanizasiya Forumunun 13-cü sessiyası (WUF13) işə başlayır. Bu, urbanizasiya problemlərinin müzakirəsi üçün BMT-nin aparıcı qlobal konfransıdır. Tədbirdə dünyanın 182 ölkəsindən təxminən 40 min insanın iştirakı gözlənilir və forumu 1000-ə yaxın akkreditə olunmuş jurnalist işıqlandırmalıdır. Mövzu bir vəd kimi səslənir: «Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar». Gündəlikdə qlobal mənzil böhranı, inklüzivlik və etibarlı gələcək var. Lakin məhz bu gözəl fasad adamı rahatsız edici bir sual verməyə məcbur edir: əgər sakinləri şəhəri idarə etmək hüququndan məhrum ediliblərsə, təhlükəsiz və dayanıqlı şəhərdən ciddi şəkildə danışmaq mümkündürmü?


Mənim adım Emin Hüseynovdur. Mən azərbaycanlı jurnalist və hüquq müdafiəçisiyəm, müstəqil onlayn «Obyektiv TV»nin təsisçisi və Cenevrədəki İnsan Hüquqları İnstitutunun icraçı direktoruyam. 2015-ci ildən bəri İsveçrədə məcburi mühacirətdəyəm, lakin Bakı mənim doğma şəhərim olaraq qalır. Mən onu parıltılı broşürlərdən və ya xarici nümayəndə heyətləri üçün təmizlənmiş marşrutlardan tanımıram. Bu şəhər mənim yaddaşım, işim, ağrım və ümidimdir. Məhz buna görə də onun növbəti dəfə avtoritar rejim üçün beynəlxalq vitrinə çevrilməsini seyr edərkən susa bilmirəm.


ŞƏHƏR ƏVƏZİNƏ VİTRİN


Azərbaycan hakimiyyəti siyasi imicini təmizləmək üçün uzun müddətdir ki, irimiqyaslı beynəlxalq tədbirlərdən uğurla istifadə edir. Biz bunu artıq görmüşük: 2012-ci ildə «Avroviziya», 2015-ci ildə Avropa Oyunları, «Formul-1» mərhələləri, 2024-cü ildə COP29 iqlim konfransı. İndi isə növbə urbanizasiya forumunundur. Ənənəyə sadiq qalaraq, xarici nümayəndələrə təntənəli bir mənzərə nümayiş etdiriləcək: yeni stadionlar, lüks otellər, işıqlandırma effektləri, mədəniyyət mərkəzləri və «yaşıl keçid» şüarları altında innovativ avtobuslar.


Lakin əsl şəhər sahilsəhası bulvardakı işıqlar və ya təntənəli fasadlar demək deyil. Şəhər — insanlardır. Şəhər — adekvat kompensasiya ödənilmədən istənilən an öz evlərindən çıxarıla bilən ailələrdir. Şəhər — onilliklər ərzində mənzil mülkiyyəti hüququnu rəsmiləşdirmək üçün qapıları döyən şəhər kənarı sakinləridir. Şəhər — adi bir küçənin keçilməz maneələr zolağına çevrildiyi əlil arabasındakı insandır. Nəhayət, şəhər — tikintidəki korrupsiya barədə yaza bilməli olan və buna görə həbsxanaya düşməməli olan jurnalistdir.


Bu bəzəkli parıltının arxasında başqa bir Bakı gizlənir: məcburi köçürmələr, talançı tikinti layihələri, dağıdılmış tarixi abidələr və yoxsul ailələrin onilliklər boyu yaşadığı neftlə çirklənmiş boşluqlar şəhəri. Son 15 ildə beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bakılılar üçün hüquqi müdafiənin tamamilə olmadığı bir şəraitdə kütləvi qanunsuz özgəninkiləşdirmə və evlərin sökülməsi hallarını sənədləşdiriblər. Forumda mənzil mövzusundan çox danışılacaq. Lakin bizim reallığımızda mənzil məsələsi kvadratmetrlərlə deyil, ən azından hansısa hüquqların mövcudluğu ilə ölçülür: tikinti şirkətinin buldozerindən müdafiə, təmiz hava, işləyən kanalizasiya sistemi, müstəqil məhkəmə. Bunlar olmadan mənzil sadəcə bir asılılıq alətinə çevrilir.


MERİ OLMAYAN ŞƏHƏR VƏ BAĞLI SƏRHƏDLƏRİN GİROVLARI


WUF13 qonaqlarının bilməli olduğu ən vacib məqam odur ki, Bakının seçilmiş meri yoxdur. Paytaxtın idarə edilməsi birbaşa prezident tərəfindən təyin edilən İcra Hakimiyyəti başçısının əlindədir. Bu meqapolisin sakinləri torpaq, nəqliyyat, büdcə və ya infrastrukturla bağlı qərarlara heç bir şəkildə təsir göstərə bilmirlər. Formal olaraq bələdiyyələr mövcuddur — lakin bu, sərt şaquli idarəetməni pərdələyən, real səlahiyyətləri və pulları olmayan bir dekorasiyadır. Avropa Şurasının da haqlı olaraq qeyd etdiyi kimi, Bakı bütün Avropa məkanında birbaşa seçilmiş şəhər rəhbərliyi olmayan yeganə paytaxtdır.


Azərbaycan kontekstinə bələd olmayan nümayəndələrin bu dəyişməzliyin nə dərəcədə mütləq olduğunu anlaması üçün: İlham Əliyev ölkəni 2003-cü ildən bəri idarə edir — hazırda onun ardıcıl beşinci prezidentlik müddətidir və beynəlxalq müşahidəçilərin rəyinə görə, bütün bu seçkilər irimiqyaslı saxtakarlıqlarla müşayiət olunub. O, hakimiyyəti 1993-2003-cü illərdə prezident olmuş, ondan əvvəl isə 1969-cu ildən partiya rəhbəri kimi Sovet Azərbaycanına rəhbərlik etmiş atası Heydər Əliyevdən miras alıb. Dövlət üzərində ailə nəzarətini möhkəmləndirmək üçün İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı ölkənin birinci vitse-prezidenti təyin edib. Bu ailə faktiki olaraq Azərbaycana təkbaşına sahiblik və rəhbərlik edir.

Eyni total nəzarət məntiqi paytaxta da proyeksiya olunur. Son 30 ildə Bakını yalnız prezident ailəsinə hesabat verən cəmi üç nəfər idarə edib: Rafael Allahverdiyev, Hacıbala Abutalıbov və hazırkı icra hakimiyyətinin başçısı Eldar Əzizov. Şəhər sakinləri onları heç vaxt seçməyiblər və onlardan hesab tələb edə bilməyiblər.


Vurğulamaq vacibdir ki, Bakıdakı problemlərə bənzər hallar Azərbaycanın digər böyük şəhərlərində də müşahidə olunur. Gəncədə (300 mindən çox sakin), Sumqayıtda (təxminən 300 min) və Mingəçevirdə (təxminən 100 min) də seçilmiş merlər və yerli qanunverici orqanlar yoxdur — şəhərləri eynilə prezidentin təyin etdiyi şəxslər idarə edir. Üstəlik, bu şəhərlər periferiyada yerləşdiyindən, oradakı sosial-iqtisadi vəziyyət və siyasi azadlıqların durumu paytaxtdakından daha acınacaqlıdır. Əgər Bakı «təntənəli» bir Potiomkin kəndidirsə, regional şəhərlər onun xarici nümayəndələrdən gizlədilən digər tərəfidir.


Bu təcrid siyasətinin apofeozu o oldu ki, 2020-ci il pandemiyasından bəri Azərbaycan hakimiyyəti uydurma bəhanələrlə ölkənin quru sərhədlərini tamamilə bağlı saxlayır. Bakının təxminən 2,5 milyon sakini və milyonlarla həmvətəni faktiki olaraq ölkəyə avtomobil və ya qatarla gəlmək və ya ölkədən getmək imkanından məhrumdur. Bu «qızıl qəfəsi» tərk etməyin və ya bura qayıtmağın yeganə yolu baha başa gələn aviauçuşlardır. Belə bir təcrid müasir şəhər mühiti üçün görünməmiş bir haldır və rejimin öz vətəndaşlarının fundamental hərəkət azadlığına olan münasibətini aydın şəkildə nümayiş etdirir.

Seçilmiş hakimiyyət, hesabatlılıq və hərəkət azadlığı olmadan urbanistika bir fiksiyaya çevrilir. İcmanın özünün həm səs hüququndan, həm də ölkədən çıxmaq hüququndan məhrum edildiyi bir şəraitdə «dayanıqlı icmalar» barədə mülahizə yürütmək mənasızdır. Şəhər hakimiyyət üçün rahat və xüsusi xidmət orqanlarının nəzarəti altında ola bilər, lakin «dayanıqlı» ola bilməz.


AZADLIQ OLMADAN DAYANIQLILIQ YOXDUR


Şəhərin əsl dayanıqlılığı sadə bir üsulla yoxlanılır: jurnalist uğursuz su xətləri sistemi barədə araşdırma dərc edib, axşamı istintaq təcridxanasında keçirməyə bilərmi? Şəhər sakinləri bir parkın qırılmasına qarşı dinc etiraz aksiyasına çıxa bilərlərmi? Bizdə hər iki sualın cavabı — xeyrdir.


Azərbaycanın şəhər mühiti və infrastruktur layihələri korrupsiyaya qərq olub. Transparency International təşkilatının Korrupsiyanı Qavrama İndeksində (CPI) ölkə sabit olaraq dünya reytinqlərinin sonunda qərarlaşır — son hesabatda 100 baldan 30 bal toplayıb, bir il əvvəl isə bu göstərici rüsvayçı 22 bala qədər düşmüşdü ki, bu da rəsmi olaraq Azərbaycanı dünyanın ən korrupsiyalaşmış dövlətləri sırasına daxil edir. Bakının büdcəsi ictimaiyyətdən gizlədilən qara dəlikdir.


Bu, qanunauyğundur: ölkədə hər hansı nəzarət mexanizmi məhv edilib. Ümumdünya Urbanizasiya Forumu ərəfəsində Azərbaycan daxilində kütləvi kampaniyaya başlaya biləcək, tikinti problemlərini ifşa edəcək və ya forum təşkilatçılarına rahatsız edici suallar verəcək bir dənə də olsun müstəqil mülki institut və ya güclü səs qalmayıb.


Vətəndaş cəmiyyəti həm qanunvericiliklə, həm də fiziki olaraq məhv edilib. Hakimiyyət beynəlxalq maliyyələşməni bloklayaraq qeyri-hökumət təşkilatlarını (QHT) xaricdən qrant almaq imkanından tamamilə məhrum edib. Demək olar ki, bütün aparıcı fəallar və müstəqil jurnalistlər bu gün məhz vaxtilə beynəlxalq donorlardan qanuni dəstək aldıqlarına görə həbsxanalardadırlar — bu, «qaçaqmalçılıq» və «qanunsuz maliyyələşmə» ittihamları ilə uydurulmuş cinayət işləri üçün bəhanə olub. Sağ qalan fəalların əksəriyyəti sürgünün ağır şəraitində yaşamağa məcburdur və hər gün transmilli repressiya təhlükəsi ilə üzləşir. Ölkə daxilində qalanlar isə total otosenzura ilə buxovlanıb — bu gün istənilən açıq tənqidi söz demək olar ki, qaçılmaz həbs deməkdir.


Rəqəmlər bu reallığı lakonik və amansız şəkildie təsdiqləyir. Freedom House 2026-cı ildə Azərbaycanı tamamilə «qeyri-azad» ölkə kimi qiymətləndirir — 100 baldan 6 bal. Sərhədsiz Reportyorlar (Reporters Without Borders) təşkilatının Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəldiyi dövrdə ölkə 71-ci yerdə idi. 23 il ərzində yüz pillə geriləmə Avropa Şurası ölkələri arasında mətbuat azadlığının rekord dərəcədə tənəzzülüdür. Hüquq müdafiəçilərinin məlumatlarına və Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli qətnaməsinə əsasən, 2026-cı ilin əvvəlinə olan məlumata görə, Azərbaycan həbsxanalarında siyasi motivlərlə təxminən 400 nəfər saxlanılır. Onların arasında 36 jurnalist var ki, onlardan 9-u qadındır. Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə dünyada rüsvayçı «liderdir».


Bütün bunların urbanistikaya nə dəxli var? Ən birbaşa dəxli var. Vətəndaş cəmiyyəti — müstəqil memarlar, ekoloqlar, məhəllə təşəbbüs qrupları, jurnalistlər — hər bir normal meqapolisin erkən xəbərdarlıq sistemidir. Onlar təhlükəli tikintilər, korrupsiya, əlçatmaz mühit və ekoloji fəlakətlər barədə ilk həyəcan təbili çalanlardır. Bu insanlar barmaqlıqlar arxasında olanda şəhər kor olur. Məhkəmələr cibdə olanda isə şəhər sakini dövlət aparatı ilə təkbətək qalır. Belə şəraitdə «dayanıqlılıq» sadəcə gözəl bir lövhədir.


TƏHLÜKƏSİZLİK — LAKİN KİMİN ÜÇÜN?


Hakimiyyət Bakının «təhlükəsiz» şəhər olması ilə öyünməyi çox sevir. Gəlin terminləri dəqiqləşdirək. İnsanın təhlükəsizliyi var — özbaşınalıqdan, işgəncələrdən, korrupsiyadan, qanunsuz həbslərdən, qanunsuz köçürülmələrdən müdafiə. Bir də rejimin təhlükəsizliyi var — total rəqəmsal nəzarət, hər küncdə kameralar, polis və qadağalar.


Bu gün Bakı yalnız hakimiyyət üçün təhlükəsizdir. Lakin o, mənimsəmə hallarını araşdıran jurnalist üçün ölümcül təhlükəlidir. O, torpağı növbəti bir tikinti maqnatının gözünə düşən ailə üçün təhlükəsiz deyil. Təəssüf ki, Azərbaycan hakimiyyətinin repressiyaları artıq Azərbaycan şəhərlərinin hüdudlarından çox-çox kənara çıxır. Repressiyalar tənqidçiləri mühacirətdə də haqlayır — Brüssel, Paris, Müluz, Nant, Tbilisi və Cenevrə kimi şəhərlərdə. Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qətlə yetirilməsi və bloger Məhəmməd Mirzəliyə qarşı bir neçə sui-qəsd cəhdi Avropa şəhərlərinə qədər çatan transmilli repressiyaların bariz nümunələridir.


Mən bunu şəxsi təcrübəmdən də bilirəm. 2026-cı ilin fevralında Münxen Təhlükəsizlik Konfransında prezident Əliyevə və onun həyat yoldaşı, birinci vitse-prezident Mehriban Əliyevaya mətbuat azadlığı və Azərbaycandakı demokratiyanın vəziyyəti barədə açıq şəkildə birbaşa suallar verdim. Əliyev indi artıq məşhur olan həmin ifadə ilə cavab verdi: «Dünyada müstəqil media mövcud deyil». Həyat yoldaşı Mehriban Əliyevanın reaksiyası isə — zahirən istehzalı, mahiyyətcə isə mənə «sağlam olmağı arzulamaq» formasında birbaşa təhdid ehtiva edən cavabı — daha aydın səsləndi. Hakimiyyətdə olan Əliyevlər cütlüyünə verdiyim rahatsız edici suallardan bir neçə gün sonra Cenevrədə mənə qarşı sui-qəsd və qaçırma cəhdi, həmçinin bunlarla müşayiət olunan sistematik izlənmə həyata keçirildi. Fiziki olaraq aradan qaldırılma təhlükəsi ilə paralel olaraq, Azərbaycan hakimiyyəti nəzarətində olan dövlət və özəl mediada mənə qarşı genişmiqyaslı böhtan kampaniyasına başladı. Azərbaycan hakimiyyəti tərəfindən davam edən təhdidlərə cavab olaraq, mən Cenevrə kantonunun prokurorluğuna İsveçrə Cinayət Məcəlləsinin maddələri, o cümlədən 260bis maddəsi (qəsdən adam öldürməyə hazırlıq hərəkətləri) üzrə rəsmi şikayət ərizəsi təqdim etdim.


Bu epizod, Azərbaycan rejimini tənqid edənlər üçün təhlükəsizlik sərhədinin dövlət sərhədi ilə üst-üstə düşmədiyini göstərən ən yaxşı illüstrasiyadır. Bu gün «təhlükəsizlik və dayanıqlılıq» mövzusunda forum açan şəhər, öz vətəndaşlarına qarşı öz hüdudlarından çox-çox kənarda fəaliyyət göstərir. Ölkə daxilində «asayişin» qorxu və polis dubinkaları üzərində, xaricdə isə xüsusi xidmət orqanlarının uzun qolu üzərində qurulduğu bir şəhəri təhlükəsiz adlandırmaq olmaz.

WUF13 İŞTİRAKÇILARINA SUAL


Mən Ümumdünya Urbanizasiya Forumunun nümayəndələrini boykota çağırmıram. Qərarlar qəbul edilib, biletlər alınıb. Lakin sizdən bir şey xahiş edirəm: bu tamaşada kütləvi səhnə iştirakçısı (kütlə) olmayın. Sizin iştirakınızın rejim üçün bir bəraət — Azərbaycanda «hər şeyin qaydasında olduğunun» sübutu kimi istifadə edilməsinə icazə verməyin.


Protokol marşrutlarından, otellərdən və rahat konfrans zallarından kənara çıxın. Ev sahibliyi edən tərəfə birbaşa suallar verin:


  • Bakılılar niyə öz merlərini seçmirlər?


  • Paytaxtın görünüşünü dəyişdirən qərarlar niyə pərdəarxası qəbul edilir?


  • Şəhərin problemləri barədə yazanlar niyə həbsxanalardadır, müstəqil media isə ölkədən didərgin salınıb?


  • Milyonlarla insan niyə illərdir bağlı quru sərhədləri daxilində saxlanılır?


  • Və siyasi məhbusların və vicdan məhbuslarının adlarını ucadan çəkin: Əli Kərimli, Tofiq Yaqublu, Anar Məmmədli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Fazil Qasımov, Bəhruz Səmədov, İqbal Əbilov, Fərid Mehralızadə, Ülviyyə Əli, Fatimə Mövlamlı, Xəyalə Ağayeva, Elnarə Qasımova və yüzlərlə digərləri, — və Azərbaycan hakimiyyətinin nümayəndələrindən soruşun: onlar nə vaxt azad olunacaqlar?


UN-Habitat nümayəndələrindən soruşun: insan hüquqları, söz azadlığı və real yerli özünüidarəetmənin mövcudluğu belə bir foruma ev sahibliyi edəcək şəhərin seçilməsində məcburi kriteriyalar olmalı deyilmi? Bu, daxili işlərə qarışmaq deyil — bu, sizin gündəliyinizin mahiyyətidir. Əgər şəhərlərin gələcəyindən danışırıqsa, azadlıqdan danışmağa borcluyuq.

BAKI DAHA YAXŞISINA LAYİQDİR


Mən bu sətirləri nifrətdən deyil, Bakının diktatura üçün parıltılı bir pərdə olmaqdan qat-qat daha yaxşısına layiq olduğu üçün yazıram.


Mənim şəhərim seçilmiş hakimiyyətə, müstəqil məhkəmələrə və dürüst ictimai nəqliyyata layiqdir. O, tarixi irsin qorunub saxlanmasına, təmiz havaya, təhlükəsiz və inklüziv küçələrə layiqdir. Ən əsası isə — o, ucadan danışmaqdan qorxmayan və dünyada azad hərəkət etmək hüququ olan şəhər sakinlərinə layiqdir.


Seçilmiş meri olmayan Bakı gələcəyin şəhəri haqqında foruma ev sahibliyi edir. Lakin şəhər beynəlxalq forumlara ev sahibliyi etməklə dayanıqlı olmur. Şəhər o vaxt dayanıqlı olur ki, onun sakinlərinin hüquqları olsun.

Beynəlxalq forumun paytaxtı statusu meqapolisi dayanıqlı etmir. Polis patrulları onu təhlükəsiz etmir. Demokratiya olmadan «hamı üçün şəhər» ola bilməz.


WUF13-ün Bakıda keçirilməsi gözləri yummaq üçün deyil, əksinə, onları mümkün qədər geniş açmaq üçün bir fürsətdir.

Bakıya xoş gəlmisiniz. Onu yalnız sizə satmaq istədikləri kimi deyil, həm də onun əsl sahiblərinin — vətəndaşlarının orada necə sağ qalmağa çalışdıqları kimi görməyə çalışın.


Emin Hüseynov — azərbaycanlı jurnalist və hüquq müdafiəçisidir, 2015-ci ildən bəri İsveçrədə siyasi qaçqındır. Prezident Əliyevin 14 iyun 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan vətəndaşlığından məhrum edilib; Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarı Konvensiyanın 8-ci maddəsinin pozulması kimi tanıyıb (Emin Hüseynov Azərbaycana qarşı No. 2, 13 iyul 2023). Cenevrə, 17 may 2026-cı il.

Comments


bottom of page