Vəkillə görüşə gedən məhbus niyə yoxlanılır? – Ülviyyə Əli Bakı İstintaq Təcridxanasından yazır
- IHR
- Jan 24
- 2 min read

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır:
Onun yazdıqlarını olduğu kimi davam edirik:
“Oktyabrın 23-də vəkillərimdən biri mənimlə görüşə gəlmişdi. Öncədən eşitdim ki, artıq vəkillə görüşlərin keçirildiyi istintaq otağında da məhbusların üzərində axtarış-baxış həyata keçirilir. Vəkillə görüşə getməmişdən əvvəl məktub hazırladım və cibimə qoyub İstintaq otağına getdim. Qadın nəzarətçi cibimi yoxlayarkən məktubumu “tapdı” və öz cibinə qoyub otaqdan çıxdı. Mən isə yoxlamanın keçirildiyi otaqdan çıxıb vəkilimi çağırdım və məktubun aktlaşdırılmasını istədim. İstintaq otağının rəisi Ruslan adlı şəxs otaqdan çıxıb kiməsə zəng etdi, bir neçə saniyə sonra məni çağırdı və dəstəyi uzatdı. Telefonda Bakı İstintaq Təcridxanasının rəis müavini Əhəd Abdiyev idi. Məktubu kimə yazdığımı soruşdu, mən isə “Ruslan bəy sizə oxuyar” deyib dəstəyi ona uzatdım və məktubumu əlindən götürüb yapışqanını açdım. Məktubda “Bakı İstintaq Təcridxanası, qanunsuz əməllərindən əl çək!” yazmışdım. Məktubu İstintaq otağının rəisinə verib vəkilimlə görüşə keçdim.
Oktyabrın sonuncu həftəsi vəkillərim görüşə gəlmədi, gəlsələr bu etirazımı davam etdirəcəkdim. Lakin bir ümid dedim ki, bəlkə Bakı İstintaq Təcridxanası verdiyim mesajı anlayar və qanunsuz əməlinə davam etməz.
Nəhayət noyabrın 3-də yenidən vəkilim gəldi. İstintaq otağına çatanda gördüm ki, istintaq otağının rəisi dəyişdirilib. Mənə otağa keçib üzərimdə yoxlanılma aparıldıqdan sonra vəkillə görüşə biləcəyimi dedi. Mən isə buna etiraz etdim və vəkilə görüşün konfidensial olduğunu, qanunu pozduqlarını bildirdim.
Adətən həbsxanada münasibətimin sadəcə “salam-sağ ol”dan ibarət olduğu vəzifəli şəxslərin sevdiyi bir söz var: “Münasibətləri korlama, problem çıxarma”. Həmin şəxslər bizim siyasi məhbus olduğumuzu bilsələr də, elə hesab edirlər ki, sanki biz hansısa qanunsuz əmələ etiraz edərkən şəxsi düşmənlik məqsədi ilə edirik.
Daha bir vacib məqam isə odur ki, istintaq otağının yeni rəisi Şəhriyar Abbasov həm də görüş otağının rəisidir. İnsafən, deyim ki, orada heç vaxt hər hansısa qanunsuzluq etdiyinə şəxsən görməmişəm. Onsuz da anlamaq lazımdır ki, mənim problemim şəxslərlə deyil, qurulan qanunsuz sistem ilə bağlıdır. Həm istintaq, həm görüş otağının məsul şəxsinin eyni şəxs olması doğru deyil. Onun deyimi ilə desək “problem” olanda bunu ikinci tərəfə də yansıda bilər.
Şəhriyar Abbasova yoxlamaya etiraz etdiyimi deyəndə kiməsə məruzə etdi və dedi ki, yoxlamaya izn verməsən vəkillə görüşə bilməyəcəksən. Telefonun ardında qərar verən şəxsin kim olduğunu bilmədim, lakin qanunsuz olaraq vəkilimlə görüşə bilmədim və kamerama qaytarıldım.
Onu da qeyd edim ki, bu qanunsuz yoxlamaya sadəcə mən məruz qalmıram, təcridxanada vəkillə görüşən hamıya qarşı tətbiq olunur. Yoxlamanın qanunsuz olduğunu dediyim bir müddətcə hüquqlarını bilməyən məhbuslar inkubatora salınırmış kimi otağa yoxlamaya göndərilirdilər. Orada bilirdim ki, mən bu etirazı təkcə özümlə bağlı aparmırdım, həm də təcridxanada saxlanılan yüzlərlə dustağın haqqını qorumağa çalışırdım. Hər nə qədər hüquqlarından bixəbər olan bu insanların arasında “ağ qarğa” kimi görünsəm də qanunsuzluğa qarşı israrlı idim.
[— Mətn orijinal şəkildə davam edir və sonadək saxlanılıb. Tərcümələrdə istifadə edilən mətnlə eynidir. —]
Qeyd: Təxminən bir ay sonra, 30 noyabrda təkbaşına elədiyim etiraz artıq nəticə verdi və mən və bütün digər məhbuslar texniki vasitələrlə yoxlanılırıq, müdafiə sənədlərimiz açılıb oxunmur.”
.png)



Comments