top of page

“Zindandan yazmağa davam edəcəyəm”

  • IHR
  • Nov 18
  • 3 min read
Nurlan Libre
Nurlan Libre

“Meydan TV işi” üzrə həbs edilən Nurlan Libre təcridxanadan yazır:


Həbs edilməyimin üzərindən 8 ay keçməyinə baxmayaraq, necə saxlanılmağımı hələ də yaxşı xatırlayıram. Səhər saatları idi. Nərimanovda dostumun evindən çıxırdım. Həmin gün onsuz da həbs ediləcəyimi bilirdim. Həmin gün üçün planım  hazırladığım sonuncu reportajı Meydan TV-yə təhvil vermək və azadlıqda sonuncu saatlarımı sevdiyim insanlarla keçirmək idi. Düşünürdüm ki, polislər məni yaşadığım məhəllədə, Sumqayıtda gözləyirlər. Elə məhz buna görə də bir həftə idi ki, rayonlarda sərgərdan gəzirdim, reportaj hazırlayırdım. Təəssüf ki, polis elə məni məhəllədə gözləyirdi (Nərimanovda).


Üzərimə maskalı 3 polis hücum etdi və məni yerindəcə qandalladılar. Kameranı əlimdən aldılar. Həmin an uzunmüddətli həbs olunacağımı bilirdim. Amma bundan qorxmurdum. Tək düşündüyüm günlərlə hazırlamaq üçün əziyyət çəkdiyim reportajın polislərin əlinə keçməyi oldu. Günü bu gün də peşmanam ki, reportajımı redaksiyaya təhvil verə bilmədim. Həbs edildiyim ilk andan indiyə kimi bir dəfə də olsun Meydan TV ilə əməkdaşlıq etdiyimə və buna görə cəzalandırıldığım üçün peşman deyiləm. Həbsxana kartoçkamın üzərinə “Meydan TV “, “jurnalist “, “nəzarət “ sözləri yazılıb. Hər dəfə bu sözləri oxuyanda bir daha özümlə fəxr edirəm ki, mən həqiqəti insanlara çatdırdığım üçün həbsdəyəm.


Zindanda insanın düşünməyə çox vaxtı olur. Mən kiməm, burada nə işim var, azad mətbuat uğrunda apardığım mübarizənin hansısa dəyəri varmı və s. Hadisələrə realist yanaşaq, 2003-cü ildən bu yana müxalifətin və vətəndaş cəmiyyətinin sistematik şəkildə məhv edildiyi, media orqanlarının bağlanıldığı ölkədə bir qrup avantürist jurnalistin həqiqəti çatdırmaq uğrunda apardığı mübarizənin nə mənası ola bilər axı. Ola bilər ki, hazırki situasiyada abzasçıların, toplumçuların və meydançıların uğrunda həyatlarının bir hissəsini həbsxanada çürütdüyü mübarizə bir nəticə verməyəcək və Əliyev rejimi daha da ağırlaşıb, ölkəni mədəni dünyadan tam təcrid edəcək. Amma gələcəkdə tarixçilər geriyə baxıb, bu çətin günləri tədqiq etdiklərində bir qrup media əməkçisinin və ictimai fəalın ən ağır günlərdə belə nikbinliklərini itirmədiklərini görüb, bizə tarixdə layiq olduğumuz yeri verəcəklər.


Bəzən İlham Əliyevə təşəkkür etmək istəyirəm ki, bizi hansısa dilsiz quyuya atıb üzərimizə beton tökmək yerinə “mərhəmət” göstərib 8-12 il arası həbslə canımızı qurtarmağa şərait yaradır. Prinsipcə bizə bunu rahatlıqla edə bilər. Buna əngəl törədəcək heç bir institut və beynəlxalq təsir vasitəsi yoxdur. Dövlətimizin sevimli müttəfiqi İsrail demək olar ki, hər gün Qəzzada jurnalist öldürür. Meydanda bir məqalə yazmışam: «Azərbaycanda siyasi qətillər tarixi». O məqaləni oxusaz görərsiniz ki, nə qədər şəxs Əliyev rejiminə qarşı çıxdığına görə qətlə yetirilib, qatilləri isə hələ də aramızdadır (azadlıqdadır). Hələ ki Əliyevi tənqid edən jurnalistləri uzaqbaşı  qapısının ağzında güllələyirlər (bax: Elmar Hüseynovun qətli). Repressiya dalğası bu templə davam etsə, növbəti 10 ildə bizi həbs edən polislər məhkəmə qarşısına çıxarmağa özlərinə sığışdırmayacaqlar belə. Elə birbaşa başımıza güllə çaxıb, Xəzər dənizinə atacaqlar. Həm də bunu etmək daha sərfəlidir, nəinki siyasi məhbuslar üçün kağız və vaxt israfı edəsən. Bu dediklərim sizə distopik romandan fragment kimi görünə bilər, amma 10 il əvvəl kiməsə deyilsə idi ki, ölkədə jurnalistlərə qarşı kütləvi repressiya dalğası başlayacaq, zənnimcə heç kim inanmazdı.


Meydan TV təkcə kütləvi media platforması deyil, həm də gənc jurnalistlər üçün bir məktəbdir. Azərbaycanda təəssüf ki, çox az sayda media orqanı var ki, reportyora Meydan TV qədər azadlıq versin. Bir zamanlar Meydanla işləmiş onlarla reportyor indi beynəlxalq media orqanlarında işləyirlər. Elə məhs buna görə də Aynur Elgünəşə həbsxana rəhbərliyi və dustaqlar “müəllimə” deyə xitab edirlər.


Meydan TV-nin jurnalistlərinin həbs edildiyi 6 dekabrda redaksiya heyətinə yazaraq bildirmişdim ki, mən yoldaşlarımın işini davam etdirmək istəyirəm. Bunu ona görə etmədim ki, həbsxana həyatına can atıram, bu mənim üçün prinsipial məsələ idi.

Kürdəxanıda tez-tez bir zamanlar barəsində reportaj hazırladığım dustaqlar çıxır. Bəzən onlar məni tanıyır, bəzən də mən onlarla ünsiyyət qururam. Mənə verdikləri ilk sual “Bəs səni niyə tutublar?» olur. Mənsə cavabında “haqsız həbslərə göz yummadığım üçün buradayam”, – deyirəm.


Burada gördüyüm mənzərə acınacaqlıdır. Hər gün nə qədər insan “narkotik “ və “silah” ittihamları ilə şərlənir. Bizim çəkdiklərimiz ümumi mənzərənin heç 1% i belə deyil. Bu haqsızlıqlara göz yummayacağıq. Zindandan yazmağa davam edəcəyəm! Meydandayıq!


Nurlan Libre

Bakı İstintaq Təcridxanası

 
 
 

Comments


bottom of page