Ölkə bağlanır, növbəti dayanacaq: Qaranlıq…
- IHR
- 23 hours ago
- 1 min read

Meydan TV işi ilə əlaqədar həbs olunan jurnalist Fatimə Mövlamlı, hazırda saxlandığı Bakı İstintaq Təcridxanasından Əli Kərimlinin həbsi ilə bağlı fikirlərini bölüşür.
Aşağıdakı onun məqaləsidir, olduğu kimi təqdim olunur:
“AXCP sədri Əli Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahimin “Ramiz Mehdiyev İşi” ilə əlaqədar həbs edilməsi məndə dərin təəssüf hissi doğurdu. Adam lap məəttəl qalır. Axı hansı əqli-səlim insan inanar ki, Əli Kərimli, bütünlükdə AXCP və Milli Şura rəhbərliyi ölkədə hazırda hökm sürən diktaturanın əsas memarlarından biri ilə cinayətkar işbirliyi qurar? Yalanın da bir həya dərəcəsi olar. Bu, artıq yalan da deyil, dövlət səviyyəsində nümayiş olunan abırsızlıq nümunəsidir.
Abırsızlıq demişkən, burada kiçik bir haşiyəyə çıxmalıyam. Hökumət mediasının Əli Kərimli və AXCP ətrafında apardığı qarayaxma kampaniyalarını ürək bulantısı keçirmədən izləmək olmur. Necə ki, avtoritarizm Azərbaycanda tarixinin ən amansız dövrünü yaşayır, ölkə mediası da heç vaxt olmadığı qədər çirkinləşib. Əsl, qərəzsiz, yalnız həqiqəti yazan, göstərən jurnalistlərin şərlənib həbsə göndərildikləri bu günlərdə, ekrana jurnalist adına çıxarılanların mirzəliyi artıq irrasional hal alıb. Amma pis xəbərim var: İnsanlar axmaq deyil. Yəni, ekranda böyük şriftlərlə “Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqəsi aşkarlandı” yazaraq, haqqında şər danışdığınız adamların ünvanına əcaib təhqirlər yağdıraraq heç kimdə inam duyğusu oyada bilmirsiniz. Xalq yalan danışdığınıza sizin jurnalist olmadığınızı bildiyi qədər əmindir.
Azərbaycan hökumətinin AXCP sədri Əli Kərimliyə, partiya və Milli Şura rəhbərliyinə yönəltdiyi ittihamlar “qurama” sözünün izahlı lüğətdə qarşılığı hesab olunacaq qədər absurddur. Yeni repressiya dalğası tənqidçi, haqlı səsləri susdurmaq üçün növbəti total hücumdan başqa bir şey deyil. Qısası, ölkə bağlanır, növbəti dayanacaq isə sonu görünməyən qaranlıqdır.”
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası
.png)



Comments