Əliyevin köməkçisi amerikalı qanunvericilərlə görüşüb
- IHR
- Sep 11
- 1 min read

Azərbaycan Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici İşlər Komitəsinin rəhbəri Brayan Mast və senator Stiv Deyns ilə görüşüb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, görüşlərdə "Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ lideri Donald Tramp arasında avqustun 8-də keçirilən Vaşinqton sammitinin strateji əhəmiyyəti" və onun "Azərbaycan-ABŞ münasibətləri və regional sülh üçün müsbət nəticələri" vurğulanıb.
Hacıyev 907-ci düzəlişin ləğvinin vacibliyini qeyd edib və parlamentariləri Azərbaycana səfərə dəvət edib.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb və Sülhün və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişi paraflayıblar.
Bundan əlavə, Azərbaycan və ABŞ liderləri Bakı ilə Vaşinqton arasında iki tərəf arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar.
Həmçinin, Tramp "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin icrasının dayandırılması barədə sənəd imzalayıb.
Comments