top of page

Afiyəddin Məmmədov "Nərgiz" mükafatına layiq görülüb

  • IHR
  • Dec 22, 2025
  • 1 min read
İşçi Masasının rəhbəri Afiyəddin Məmmədov Azərbaycanda demokratiya uğrunda mübarizəsinə görə 2025-ci il Nərgiz Mükafatına layiq görülüb. Həbsdə olan fəal mükafatı jurnalistlərə və işçilərə həsr edib. 8 illik həbs və mərasim haqqında ətraflı burada oxuyun.
Afiyəddin Məmmədov

Azərbaycanda demokratiya uğrunda mübarizədə göstərilən səylərə görə verilən illik "Nərgiz" mükafatının builki laureatı, hazırda həbsdə olan Azərbaycanın alternativ həmkarlar ittifaqı konfederasiyası "İşçi Masası"nın sədri Afiyəddin Məmmədov olub.


2025-ci il üzrə mükafatın təqdimetmə mərasimi dekabrın 20-də müxalif "Müsavat" partiyasının qərargahında keçirilib. Mükafat "Müsavat" partiyasının başqanı İsa Qəmbər tərəfindən "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimovaya təqdim edilib.


O, Məmmədovun 2 saylı cəzaçəkmə müəssisəsindən göndərdiyi müraciəti oxuyub.


"İlk növbədə, məni "Nərgiz" mükafatına layiq görən hər kəsə təşəkkürümü bildirmək istərdim. Azərbaycanın ictimai-siyasi sektorunun yaşadığı bu çətin, repressiv günlərdə "Nərgiz" mükafatını almaq bizim üçün stimuldur. Mən bu mükafatı cəsur və zəhmətkeş jurnalistlərə, xüsusən də "abzasçılara", "toplumçulara" və "meydançılara" (Abzas Media, Toplum TV və Meydan TV işləri üzrə həbs olunan jurnalistlər nəzərdə tutulur) həsr edirəm. Onu yumruqlarını düyünləyərək zülmə meydan oxuyan fəhlə sinfinə həsr edirəm. Kütləvi repressiyalara və amansız rəftara rəğmən təslim olmayan partiyalara, hərəkatlara, vətəndaş cəmiyyəti nümayəndələrinə və ictimai fəallara həsr edirəm. Onu həbsxanalarda saxlanılan siyasi məhbuslara və onların ailələrinə həsr edirəm. Onu həm həbsdən əvvəl, həm də sonra məni tək qoymayan yoldaşlarıma həsr edirəm. Onu bütün "İşçi Masası" fəallarına həsr edirəm. Ümid edirəm ki, bu soyuq, qaranlıq günlər tezliklə bitəcək və hər birimiz günəşin doğuşunu görə biləcəyik", - deyə Məmmədovun müraciətində bildirilir.


"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiyəddin Məmmədov 2023-cü il sentyabrın 20-də saxlanılıb. O, küçədə bir nəfərə bıçaqla hücum etməkdə ittiham olunub. Fəal ittihamı rədd edərək, həmkarlar ittifaqı fəaliyyətinə görə təqib olunduğunu bildirib. O, həmin şəxs tərəfindən döyüldüyünü qeyd edib. Hüquq müdafiəçiləri Məmmədovu siyasi məhbus kimi tanıyıblar.


14 yanvar 2025-ci il tarixində Bakı məhkəməsi Məmmədovu səkkiz il müddətinə azadlıqdan məhrum edib.


 
 
 

Comments


bottom of page