Apellyasiya Məhkəməsi AXCP fəallarının həbsini qüvvədə saxladı
- IHR
- Nov 20
- 1 min read

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Fərid Quliyev və Vəlişan Həsənovun inzibati həbsləri ilə bağlı qərarları qüvvədə saxlayıb. Digər fəal Faiq Nağıyevin də həbsindən şikayət edilib.
Xatırladaq ki, noyabrın 6-da AXCP üzvləri Fərid Quliyev və Vəlişan Həsənov "xırda xuliqanlıq" və "polisə tabe olmamaq" ittihamı ilə müvafiq olaraq 30 və 15 sutkalıq inzibati qaydada saxlanılıb və həbs ediliblər.
Noyabrın 12-də daha bir AXCP üzvü Faiq Nağıyev saxlanılıb və eyni ittihamlarla 30 sutkalıq həbs edilib.
Partiya bu həbsləri siyasi motivli hesab edib və bildirib ki, hər üç müxalifətçi son vaxtlar öz avtomobilləri ilə AXCP sədri Əli Kərimlini gəzdiriblər.
Partiyadan verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsi noyabrın 19-da Həsənovun həbsindən verilən şikayəti təmin etməyib.
Bundan əvvəl, bir neçə gün əvvəl Apellyasiya Məhkəməsi 30 sutkalıq həbs olunan Fərid Quliyevin həbsini qüvvədə saxlamışdı.
"Apellyasiya şikayətlərinə baxılması formal xarakter daşıyırdı. İşdə hətta polis əməkdaşlarından formal "şahidlər" də yox idi. Fəallarımız yalnız sahə polis inspektorlarının tərtib etdiyi protokollar əsasında həbs olunublar. Onlar protokollarda göstərilən yerdə yox, başqa yerdə saxlanılıblar. Vəkil protokollarda göstərilən saxlanma yerlərindən müşahidə kameralarının video yazılarına baxılmasını tələb etsə də, hakimlər bu vəsatətləri təmin etmədilər," - AXCP-dən bildirilib.
Partiyadan əlavə edilib ki, Nağıyevin də həbsindən şikayət ediləcək.
.png)



Comments