top of page

Azərbaycanın ictimai fəalı Anar Abdulla həbs edilib

Anar Abdulla
Anar Abdulla

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Anar Abdulla barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişərək onu həbs edib.


Abdulla, 2024-cü ilin aprelində həbs edilən Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birlikdə qaçaqmalçılıq işi üzrə təqsirləndirilən şəxsdir.


2025-ci ilin aprelində Abdulla bu iş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilib və barəsində "polis nəzarətinə verilmə" qətimkan tədbiri seçilib.


İyulun 11-də Abdulla "xırda xuliqanlıq" və "polisə tabe olmamaq" ittihamları ilə 30 gün müddətinə inzibati qaydada həbs edilib.


Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Abdullanın "polis nəzarəti" rejiminin tələblərinə "əməl etmədiyini" və xüsusən də "Bakı şəhəri Nərimanov rayon polis idarəsində vaxtında qeydiyyatdan keçmədiyini" əsas gətirərək onun həbs olunmasını təklif edib.


Öz növbəsində, Abdullanın müdafiə tərəfi fəalın polis orqanlarından heç bir xəbərdarlıq almadığını bildirib. Bundan əlavə, Abdulla Bakının başqa bir rayonunda - Binəqədidə qeydiyyatdadır.


Abdullanın özü prokurorun təklifini "siyasi sifariş" adlandırıb.


Buna baxmayaraq, məhkəmə prokurorun vəsatətini təmin edərək Abdullanı həbs edib. Prosesdə daha sonra ittiham aktı oxunub.


Hər iki təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.


"Mən özümü təqsirli bilmirəm, ittihamlar uydurmadır. Ümumiyyətlə, ittiham aktının hansı dildə yazıldığı aydın deyil, onun məzmunu başa düşülmür", - Məmmədli deyib.


Vəkillər də bəzi cümlələri 3-4 səhifə olan ittiham aktının "anlaşılmazlığını" qeyd ediblər.

Növbəti məhkəmə iclası sentyabrın 22-nə təyin olunub.

 
 
 

Comments


bottom of page