BMT-nin Xüsusi Məruzəçiləri Azərbaycanı Abilov və Səmədovu Azad Etməyə Çağırıb
- IHR
- 7 hours ago
- 2 min read

Mədəni hüquqlar sahəsində Xüsusi Məruzəçi Aleksandra Ksantaki və azlıq məsələləri üzrə Xüsusi Məruzəçi Nikolya Levrat Azərbaycan hakimiyyətini bir ildən artıqdır ki, akademik fəaliyyətləri, hökuməti tənqid etmələri, müharibə əleyhinə baxışları və azlıqların hüquqlarını müdafiə etmələri ilə əlaqədar həbsdə saxlanılan tədqiqatçılar İqbal Abilov və Bəhruz Səmədovu azad etməyə çağırıb.
BMT ekspertləri, "Abilov və Səmədovun həbslərinin və məhkəməsinin akademik tədqiqatları, sülhün təbliğini və azlıqların mədəni kimliyinin təşviqini dövlət xəyanətinə bərabər tutmasından dərin narahatıq", – deyə bildiriblər.
Onlar qeyd ediblər ki, 18 il həbs cəzasına məhkum edilmiş Abilovun Cənubi Qafqazdakı etnik azlıqlara dair ixtisaslaşmış elmi tədqiqatları onun dövlət xəyanəti, dövlət əleyhinə çağırışlar və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyi qızışdırmaqda ittiham edilməsi üçün istifadə olunub. Xüsusi Məruzəçilər, "Məlumatlara görə, bu ittihamları dəstəkləyən heç bir etibarlı dəlil təqdim edilməyib, bu da uzun sürən proses və akademik azadlıqla bağlı ciddi narahatlıqlar doğurur", – deyiblər.
Siyasətşünas və doktorant Bəhruz Səmədov Azərbaycandakı siyasi hadisələri və hərbi əməliyyatları tənqid etməsi, habelə Ermənistanla sülhə nail olmaq istiqamətindəki fəal səyləri ilə əlaqədar dövlət xəyanətində ittiham olunub və 15 il həbs cəzasına məhkum edilib.
Ekspertlər, "Akademik azadlığı, azlıqların kimliyini və sülhə çağıran səsləri boğmaq üçün geniş milli təhlükəsizlik müddəalarından istifadə edilməsi Azərbaycanda məhkəmə təqibi və hədə-qorxu siyasətinin xarakterini əks etdirir", – deyə bildiriblər. "Belə təcrübələr insan hüquqlarını pozur və ölkə daxilindəki alimlərə, tədqiqatçılara və insan hüquqları müdafiəçilərinə qorxuducu siqnal göndərir", – deyə əlavə ediblər.
Ekspertlər Azərbaycan hakimiyyətini "hər iki işə tez və qərəzsiz baxmağa və ittihamlar təsdiq olunmazsa, iki tədqiqatçını dərhal azad etməyə" çağırıblar.
Xüsusi Məruzəçilər, "Azərbaycan hökuməti alimlərin, yazıçıların və fəalların öz işlərini təhlükəsiz, hədə-qorxu və repressiyalardan azad bir şəraitdə həyata keçirə bilmələrini təmin etməli, eləcə də qanunlarını və təcrübələrini beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən mədəni hüquqlara, akademik azadlığa və hər kəs üçün ifadə azadlığına zəmanət verilməsinə uyğunlaşdırmalıdır", – deyə bildiriblər.
"Biz bir daha Azərbaycanda mədəni hüquqların, fikir və ifadə azadlığının, eləcə də akademik azadlığın sərbəst həyata keçirilməsini boğmaq və cəzalandırmaq məqsədilə milli təhlükəsizlik qanunvericiliyindən sui-istifadə halları ilə bağlı narahatlığımızı ifadə edirik", – deyə əlavə ediblər.
Ekspertlər narahatlıqlarını Azərbaycan hökumətinə çatdırıblar və vəziyyəti yaxından izləməyə davam edəcəklər.
Comments