Bəhruz Səmədovun cərimə təcridxanasında saxlanılma müddəti daha 1 ay uzadıldı
- IHR
- Oct 28
- 2 min read

Azərbaycanda politoloq və müharibə əleyhdarı fəal Bəhruz Səmədovun cərimə təcridxanasında (kartser) saxlanılma müddəti daha 1 ay uzadılıb. Tədqiqatçı, ona verilən intizam cəzasının əsassız olduğunu bildirib.
İctimai fəal Əmrah Təhməzovun verdiyi məlumata görə, oktyabrın 26-da Səmədovun nənəsi Zibeydə Osmanova onunla 11 saylı islah müəssisəsində görüşüb.
Səmədov nənəsinə bildirib ki, cərimə təcridxanasında saxlanılma müddəti oktyabrın 25-də bitib, lakin onun orada qalması daha 1 ay uzadılıb.
Səmədov təqsirsiz olduğu halda həbs olunmasından, mühakimə edilməsindən və indi heç bir əsas olmadan cərimə təcridxanasında saxlanılmasından hiddətlənib. Bəhruz ona qarşı qapalı məhkəmə proseslərinin keçirilməsinə etiraz edir. O, düşmən ölkəyə hansı dövlət sirlərini ötürdüyünün izah olunmasını tələb edir. Təhməzov bildirib ki, Səmədov sadəcə müharibə əleyhdarı olub, sülh tərəfdarı kimi çıxış edib.
Müharibə əleyhdarı fəal nənəsinə çarəsiz olduğunu və intihar etmək niyyətində olduğunu da bildirib.
Səmədov Osmanovaya həmçinin xəbər verib ki, 1 ay bitdikdən sonra onu Umbakıdakı Penitensiar Kompleksin qapalı hissəsinə köçürəcəklər.
"Koloniyanın rəisi Bəhruzun cərimə təcridxanasına salınmasını onun nənəsinə izah edərək bildirib ki, onun kamerasında Qarabağ müharibəsi veteranı da olub. Və guya Bəhruz dövlətə xəyanətdə ittiham olunduğu üçün aralarında "münaqişə yarana bilər". Lakin bu, gülünc bir arqumentdir. Veteran Bəhruzla nə üçün münaqişəyə girməlidir? Axı Bəhruz sadəcə sülh tərəfdarı olub. Digər tərəfdən, əgər münaqişədən bu qədər qorxurlarsa, veteranı başqa koloniyaya köçürə bilərlər," - deyə Təhməzov bildirib.
29 yaşlı Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Azərbaycanda saxlanılıb və dövlətə xəyanət ittihamı ilə həbs olunub. İstintaqın versiyasına görə, o, Ermənistan nümayəndələrinin sifarişi ilə məqalələr yazıb və tərcümə edib. İttiham Bəhruz Səmədovun Ermənistandan olan üç qadınla yazışmalarına əsaslanır. Səmədov özü dövlətə xəyanət ittihamını qəti şəkildə rədd edib. Səmədov xarici nəşrlərdə səsləndirdiyi Azərbaycan hakimiyyətinə qarşı tənqidləri ilə tanınır. Müdafiə tərəfi hesab edir ki, həbsin səbəbi onun "müharibə əleyhdarı baxışları" olub.
İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib.
.png)



Comments