CPJ Azərbaycan hakimiyyətinin mühacirətdə olan jurnalistləri təqib etməsini pisləyib
- IHR
- 1 day ago
- 2 min read

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan məhkəməsinin yanvarın 14-də ABŞ-da fəaliyyət göstərən jurnalist Sevinc Osmanqızını kütləvi iğtişaşlara çağırış və dövlət çevrilişinə cəhd ittihamı ilə qiyabi olaraq səkkiz il müddətinə azadlıqdan məhrum etməsindən sonra rəsmi Bakını mühacirətdəki jurnalistləri təqib etməyi dayandırmağa çağırıb. CPJ-nin bəyanatında qeyd olunur ki, bu qərar Azərbaycan məhkəməsinin 23 dekabr 2025-ci il tarixində Fransada yaşayan jurnalist Qənimət Zahidi dövlət çevrilişinə çağırış ittihamı ilə yeddi il müddətinə azadlıqdan məhrum etməsi barədə hökmündən sonra verilib.
Yaşadıqları ölkələrdə siyasi sığınacaq almış hər iki azərbaycanlı jurnalist CPJ-yə bildirib ki, ittihamları rədd edirlər və bunu jurnalist fəaliyyətlərinə görə qisas kimi qiymətləndirirlər.
"Ölkə daxilində müstəqil jurnalistikanı kütləvi həbslər və saxta məhkəmə prosesləri ilə boğan Azərbaycan hakimiyyəti, indi də aparıcı mühacir jurnalistləri qorxudaraq səslərini kəsməyə çalışır", - deyə CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnоza Said bildirib. "Azərbaycan bu rəzil transmilli repressiyaları dayandırmalıdır. Avropa dövlətləri və ABŞ Azərbaycan tərəfindən təqib olunan mühacir jurnalistlərin tam müdafiəsini təmin etməlidir", - deyə o əlavə edib.
Qiyabi məhkum edilmiş jurnalistlər CPJ-yə bildiriblər ki, onlara qarşı irəli sürülən ittihamlar barədə yeganə məlumatı Azərbaycan mediasındakı qısa xəbərlərdən əldə ediblər.
Osmanqızı ittihamları "tamamilə saxtalaşdırılmış" adlandırıb. "Bu, həm ölkə daxilində, həm də xaricdə tənqidçilərə qarşı istifadə etdikləri bir üsuldur", - deyə o qeyd edib.
BBC-nin keçmiş müxbiri olan Osmanqızı, hazırda fəaliyyəti dayandırılmış ANS telekanalındakı işinə görə hökumətin təzyiqi ilə 2012-ci ildə Azərbaycanı tərk edib. CPJ-nin bəyanatında deyilir ki, o, 2019-cu ildən bəri 400 000-dən çox abunəçisi olan və Azərbaycanda cari hadisələrin təhlili üçün ən populyar resurslardan biri hesab edilən "Osmanqizi TV" YouTube kanalını idarə edir.
2019-cu ildə CPJ hökumətyönlü medianın Osmanqızını fəaliyyətini dayandırmayacağı təqdirdə intim fotolarını yaymaqla hədələməsi barədə məlumat vermişdi. CPJ-nin bəyanatında vurğulanır ki, 2024-cü ildə Azərbaycan parlamentinin görkəmli üzvlərindən biri onu "hər hansı vasitə ilə zərərsizləşdirilməli" olan "qanuni hədəf" adlandırıb.
"Bu qərarlar 2023-cü ilin sonunda Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı başlayan görünməmiş repressiyaların nəticəsidir. Hazırda ən azı 26 jurnalist və media işçisi barmaqlıqlar arasındadır. Son bir il ərzində Azərbaycan mühacirətdə olan onlarla hökumət tənqidçisinə qarşı qiyabi olaraq ağır cinayət ittihamları irəli sürüb", - deyə CPJ bəyanatında bildirir.
.png)



Comments