top of page

Gültəkin Hacıbəyli Türkiyə hakimiyyətini onu Azərbaycana təhvil verməməyə çağırıb

  • IHR
  • 15 hours ago
  • 2 min read
Azərbaycan müxalifət lideri Gültəkin Hacıbəyli İstanbulda saxlanılır və "ictimai təhlükəsizliyə təhdid" ittihamı ilə Bakıya deportasiya təhlükəsi altındadır. O, Türkiyədə qanuni yaşayış icazəsi olduğunu bildirir və uydurma ittihamla həbs olunmaqdan qorxur. AİHM-ə müraciət edilib. Türkiyə hökumətinə təcili çağırış.
Gültəkin Hacıbəyli

Türkiyə hüquq-mühafizə orqanları azərbaycanlı müxalifətçi Gültəkin Hacıbəylinin "ictimai təhlükəsizliyə təhdid yaratmaq" şübhəsi ilə əlaqədar deportasiyasına hazırlaşır.


Azərbaycan Milli Demokratik Qüvvələr Şurasının (MDQŞ) Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli noyabrın 30-na keçən gecə Türkiyədə saxlanılıb.


Müxalifətçilər bu saxlanılmanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimliyə qarşı açılmış işlə əlaqələndiriblər.


Dekabrın 3-ü axşam saatlarında Hacıbəylinin Facebook hesabında onun bəyanatı yayılıb.


O bildirir ki, hazırda İstanbulun Arnavutköy Deportasiya Mərkəzində saxlanılır.

Hacıbəyli saxlanılmasını qanunsuz hesab edir.


"Mən sentyabrın 25-də burada təhsil alan oğlumun yanına İstanbula gəlmişəm və Türkiyədəki üç aylıq qalma müddətim başa çatmayıb. Bundan əlavə, mənim Türkiyədə 2 illik ayrıca yaşayış icazəm var. Xüsusilə vurğulayım ki, Türkiyədə olduğum müddətdə heç bir qanun pozuntusuna yol verməmişəm," - Hacıbəylinin bəyanatında qeyd olunur.


O, Azərbaycana deportasiyasının hazırlandığını bildirir.


"Hazırda qanunsuz və əsassız şəkildə Azərbaycana deportasiya edilməyim məqsədi ilə məni burada, adətən xarici terrorçulara qarşı istifadə olunan "ictimai təhlükəsizliyə təhdid yaratmaq" haqqında G-82 maddəsini tətbiq etməklə saxlayırlar və mənim Azərbaycana təhvil verilməm üçün işlər aparılır," - deyə Hacıbəyli bildirib.


O, saxlanılması ilə bağlı "artıq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edildiyini" bildirir.


"Eyni zamanda, Türkiyədəki vəkilim vasitəsilə ən qısa zamanda Türkiyə məhkəməsinə müraciət edəcəyik. Mən buradan Türkiyə hökumətinə müraciət edirəm ki, Azərbaycan hakimiyyətinin təzyiqi altında mənim barəmdə qanunsuz qərar qəbul etməkdən çəkinsin. Mən 10 il ərzində AŞPA-da Azərbaycanı təmsil edən deputat olmuşam. Azərbaycan müxalifətinin liderlərindən biri kimi, həmişə demokratik, sülhsevər və mədəni siyasi mübarizənin tərəfdarı olmuşam.


Siyasi fəaliyyətimdə heç vaxt qanunları pozmamışam və buna görə də bu gün G-82 maddəsi ilə mənim xarici terrorçu kimi Azərbaycana təhvil verilməm qəbuledilməzdir," - deyə Hacıbəyli vurğulayır və hər zaman Azərbaycan-Türkiyə dostluğunun inkişafının tərəfdarı olduğunu bildirir.


Hacıbəyli həmçinin qeyd edir ki, onun Bakıya təhvil verilməsi Türkiyə hakimiyyəti tərəfindən Azərbaycan müxalifətinə qarşı repressiyalara dəstək demək olacaq.

O, həmçinin Azərbaycana deportasiya olunacağı təqdirdə, uydurma ittihamla həbs olunacağını gözlədiyini bildirir.


Noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları axtarışlardan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlini və onun müşaviri, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıblar. Partiya saxlanılmaları siyasi motivli adlandırıb və bunu hakimiyyətin "Azərbaycanda son müstəqil siyasi qüvvəni məhv etmək" cəhdi kimi qiymətləndirib. Dekabrın 1-də məhkəmə hər ikisini 2,5 ay müddətinə həbs qətimkan tədbiri seçib.

 
 
 

Comments


bottom of page