top of page

HRW Azərbaycanda AXCP-yə qarşı «repressiyaların gücləndiyini» bildirdi

  • IHR
  • Dec 24, 2025
  • 2 min read

Beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch (HRW) Azərbaycanda müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı repressiyaların gücləndiyini qeyd edib.


HRW-nin dekabrın 22-də yaydığı bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti illərdir davam edən siyasi motivli təqib və qorxutmalara əsaslanaraq, AXCP-yə qarşı uzunmüddətli repressiyalarını daha da artırıb. Hüquq-müdafiə təşkilatı qeyd edir ki, son aylarda hakimiyyət getdikcə daha çox partiya rəhbərliyini hədəf alır.


HRW-nin bildirdiyinə görə, dekabrın 19-da məhkəmə partiyanın yüksək rütbəli rəsmisi Murad Sultanlını 30 sutka inzibati həbsə məhkum edib. «Bu, partiya sədri Əli Kərimlinin hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə həbs edilməsinə dair 29 noyabr tarixli məhkəmə qərarından sonra baş verib. Hakimiyyət həmçinin onun bir neçə mühafizəçisini və sürücüsünü də saxlayıb. Kərimli 2005-ci ildən bəri səfər qadağası ilə üz-üzədir», - deyə bəyanatda vurğulanır.


2025-ci ildə Azərbaycan hakimiyyəti AXCP-yə qarşı repressiv kampaniyanı kəskin şəkildə gücləndirərək, ölkə boyu partiyanın onlarla üzvünü saxta inzibati və cinayət ittihamları ilə özbaşına saxlamalara, həbslərə və digər təqib formalarına məruz qoyub.


HRW-nin bəyanatında daha sonra bildirilir ki, polis və məhkəmələr «xırda xuliqanlıq» və «polisin qanuni tələbinə tabe olmamaq» kimi qeyri-müəyyən inzibati xəta iddialarına, habelə partiya üzvlərinin qondarma olduğunu iddia etdiyi cinayət ittihamlarına əsaslanıblar. Partiya rəsmilərinə istinad edən HRW xəbər verir ki, hazırda «ən azı 20 AXCP üzvü həbsdədir».


«Repressiyalarla bağlı narahatlıqlar dekabrın 12-də partiyanın 22 yaşlı həbsdə olan üzvü Elbayı Kərimlinin intihar etməsindən sonra daha da artıb. Hakimiyyət onu 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" sözünü yazdıqdan sonra saxlayıb və böyük miqdarda narkotik saxlamaqda ittiham edib. Hakimiyyət Elbayı Kərimlinin ölümü ilə bağlı araşdırma elan etsə də, onun nəticələrini açıqlamayıb», - deyə HRW qeyd edib.


Dekabrın 13-də Bakı məhkəməsi AXCP üzvü Vüqar Qədirli barəsində silah saxlama ittihamı ilə üç aylıq ilkin həbs qətimkan tədbiri seçib.


HRW xatırladır ki, aprel ayında məhkəmə partiya üzvü Mehman Əliyevi narkotiklə bağlı saxta ittihamlarla beş il müddətinə azadlıqdan məhrum edib. M. Əliyev bildirib ki, hakimiyyət bu ittihamları onun tərəfindən polisin ehtimal olunan sui-istifadə hallarını əks etdirən görüntülərin çəkilib yayılmasına cavab olaraq irəli sürüb.


2025-ci il ərzində güc strukturları Binəqədi, Yevlax, Ordubad, Lənkəran və digər bölgələrdə fəalları saxlayıb. Fəallar bir neçə gün xarici aləmlə əlaqə saxlamadan saxlanılıb və sonra inzibati cəzaların verilməsi üçün məhkəməyə təqdim edilib.


«Azərbaycan hakimiyyəti yalnız dinc siyasi fəaliyyətinə görə saxlanılan bütün şəxsləri dərhal azad etməli, müxalifətə qoyulan məhdudiyyətləri, o cümlədən Əli Kərimlinin 20 illik səfər qadağasını ləğv etməli və həbsdə pis rəftar və ölüm iddiaları ilə bağlı müstəqil və qərəzsiz araşdırmanı təmin etməlidir», - HRW-nin bəyanatının sonunda deyilir.


 
 
 

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page