top of page

İstintaq Təcridxanasında Tibbi Yardım Olmamasıdan Şikayətlənib

  • IHR
  • 4 days ago
  • 2 min read
Siyasi məhbus Ruslan İzzətli ("Toplum TV" işi) Bakı SİZO-1-də kəskin öd daşı xəstəliyinə baxmayaraq bir aydır ultrasəs müayinəsi ala bilmədiyini bildirir. O, Ədliyyə Nazirliyinin tibb xidmətini qeyri-kafi adlandırır və minlərlə məhbusun effektiv tibbi yardımdan məhrum edildiyini vurğulayır.
Ruslan İzzətli

"Toplum TV" işi üzrə həbs edilmiş Demokratik Təşəbbüslər İnstitutunun və III Respublika Platformasının üzvü Ruslan İzzətli İstintaq Təcridxanasında ona effektiv tibbi yardım göstərilməməsindən şikayətlənib.


İzzətlinin Facebook hesabında yayımlanan bəyanatda qeyd olunur ki, bir ay əvvəl o, öd daşı xəstəliyinin kəskinləşməsi ilə bağlı Bakı 1 saylı İstintaq Təcridxanasında ultrasəs müayinəsindən (USM) keçməyi xahiş edib, lakin hələ də həkim qəbuluna yazılmayıb.


"Artıq gecələr ağrılardan keyidici iynələr etmək məcburiyyətində qalıram.


Məni ən çox narahat edən öd kisəmdə dəyişikliklərin olub-olmamasıdır. Bu orqan funksionallığını itirib," - İzzətli yazır.


O qeyd edir ki, öd kisəsi üzərində cərrahi əməliyyata ehtiyacı var, lakin həbsxana şəraitində bu mümkün deyil, buna baxmayaraq sağlamlığına nəzarət etməyə çalışır.


"Xüsusilə, qidalanmama diqqət edirəm. Lakin son günlər ağrılarım şiddətlənib. Bu, USM müayinəsinin zəruriliyini şərtləndirir. Lakin görünür, Penitensiar Xidmətin bu sahədə ixtisaslı həkimi yoxdur. Əvvəllər Orxan adlı bir həkim var idi, o, müayinə aparırdı. Amma o, işdən çıxandan sonra, biz burada tək qalmışıq," - İzzətli davam edir.


Ümumiyyətlə, onun sözlərinə görə, Ədliyyə Nazirliyinin tibb xidməti "yararsız vəziyyətdədir".


"Praktiki olaraq peşəkar və ixtisaslaşmış həkimlər yoxdur. Səbəb aydındır: heç kim aşağı maaşla işləmək istəmir. Nəticədə minlərlə məhbus effektiv tibbi yardımdan məhrumdur," - İzzətli yazır.


Ruslan İzzətli 2024-cü ilin mart ayında "Toplum TV" işi üzrə həbs edilib.


Əvvəlcə valyuta qaçaqmalçılığında ittiham olunan bu işin fiqurantlarına - fəallara və jurnalistlərə 2025-ci ilin yanvarında altı cinayət maddəsi ilə yeni ittihamlar irəli sürülüb. Onları 12 ilə qədər həbs cəzası gözləyir.


Məhkəmə qarşısında İzzətlidən başqa, nəşrin təsisçisi Ələsgər Məmmədli, "Toplum TV" əməkdaşları Müşfiq Cabbar və Fərid İsmayılov, habelə "Toplum TV"nin tərəfdaş təşkilatı – Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və institutun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov və Elmir Abbasovdur. Sonuncu - ittiham olunanlardan yeganə şəxsdir ki, polis nəzarəti altında azadlıqdadır, qalanları həbsdədir.

 
 
 

Comments


bottom of page