top of page

Möyəddin Orucov koloniyada təzyiqlərə məruz qaldığını bildirib

Əmək fəalı Möyəddin Orucov 13 saylı cəzaçəkmə müəssisəsində təzyiqlərlə üzləşir. Vəkil Nazim Musayevin hesabatı, həbsxana şəraiti, işçi hüquqları və fəala qarşı qondarma ittihamlar haqqında ən son məlumatları və hüquqi müdafiə xəbərlərini oxuyun.
Möyəddin Orucov

Azərbaycanda həmkarlar ittifaqı fəalı Möyəddin Orucov cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində təzyiqlərlə üzləşib. Bu barədə məhkumun vəkili Nazim Musayev məlumat verib.


“Bir müddət əvvəl Möyəddin Orucov koloniya rəhbərliyindən ailəsi ilə video-əlaqə yaratmaq üçün imkan yaradılmasını xahiş edib. O, ailə üzvləri ilə danışarkən "skrinşot" (ekran şəkli) çəkilib və sonradan həmin görüntü sosial şəbəkələrdə yayılıb. 13 saylı müəssisənin rəisi buna görə Möyəddini danlayıb. Lakin gənc fəal görüntünün internetə necə düşməsindən xəbərsiz olduğunu bildirib”, - deyə Musayev qeyd edib.


Vəkilin sözlərinə görə, koloniya rəhbərliyi digər məhkumları Orucovun əleyhinə qaldırır.

Vəkil Orucova qarşı təzyiqlərin dayandırılması üçün 13 saylı müəssisənin rəhbərliyinə müraciət etdiyini vurğulayıb: “Onlara dedim ki, əgər Orucovun hər hansı bir xəta törətdiyini hesab edirlərsə, qoy onun barəsində rəsmi şəkildə intizam tədbirləri görsünlər. Lakin digər məhkumların ona qarşı qızışdırılması qəbulolunmazdır, bu, gözlənilməz nəticələrə səbəb ola bilər”. Nazim Musayev həmçinin əlavə edib ki, 13 saylı müəssisədə Orucova qarşı əvvəllər də təzyiqlər olub.


2023-cü ilin oktyabrında Möyəddin Orucov xırda xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 30 sutka müddətinə həbs edilmişdi. Polis fəala qarşı marağı onun sosial şəbəkədə hakimiyyəti tənqid edən şərhi ilə izah etmişdi. 2023-cü il dekabrın 15-də inzibati həbsdən sonra polisləri zorakılıqda ittiham edən Orucov, qanunsuz narkotik dövriyyəsi ilə bağlı cinayət işi üzrə həbs olunub.


25 fevral 2025-ci il tarixində Bakı məhkəməsi fəal Möyəddin Orucovu üç il müddətinə azadlıqdan məhrum edib. Orucov işin qondarma olduğunu bildirib və izah edib ki, o, ATEF şirkətinin zavodunda özünün və digər işçilərin əmək hüquqlarını müdafiə etdikdən sonra təqib olunmağa başlayıb.


Həbsindən sonra Orucov "İşçi Masası" alternativ həmkarlar ittifaqları konfederasiyasına qəbul edilib.

 
 
 

Comments


bottom of page