top of page

Məmurları tənqid etdiyinə görə həbs olunan pedaqoq məhkəmə qarşısına çıxarılıb...

  • IHR
  • 5 hours ago
  • 2 min read
Fəal Dəyanət Səfərovun məhkəməsi başladı. Məmurları və prezidentin siyasətini tənqid etdikdən sonra şərlənərək həbs olunan ingilis dili müəlliminin işi, vəkilinin vəsatətləri və Azərbaycandakı siyasi məhbus problemi haqqında ətraflı oxuyun.
Dəyanət Səfərov

İctimai fəal və ingilis dili müəllimi Dəyanət Səfərov (Şalabyev) mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, mediada hökumətin, o cümlədən prezidentin siyasətini tənqid etdiyinə görə həbs edilib.


Məhkəmə prosesi zamanı fəalın vəkili Aqil Layıc bir sıra vəsatətlər qaldırıb. O, məhkəmədən cinayət işinə xitam verilməsini xahiş edib. Vəkil bildirib ki, D.Səfərov heç bir cinayət törətməyib. O diqqətə çatdırıb ki, ekspert rəyi fəalın həbsindən dörd ay sonra təqdim olunub. Müdafiə tərəfi sual edib: "Əgər ekspert rəyi dörd ay sonra çıxıbsa, onun kiməsə xəsarət yetirdiyi necə müəyyən edilib?"

Vəkil həmçinin xahiş edib ki, işə xitam verilmədiyi təqdirdə D.Səfərov ev dustanqlığına buraxılsın. O qeyd edib ki, D.Səfərov ailəsinin dolanışığına cavabdehdir və himayəsində azyaşlı uşaqları var. Buna baxmayaraq, bu vəsatətlər təmin edilməyib.


Daha sonra müdafiə tərəfi D.Səfərovun şüşə qəfəsdə deyil, vəkilinin yanında oturmasına icazə verilməsini xahiş edib. Vəkillər bunun Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına uyğun olduğunu və D.Səfərovun öz vəkili ilə maneəsiz ünsiyyət qurmasına imkan yaradacağını bildiriblər. Məhkəmə bu vəsatəti də cavabsız qoyub.


22 Dekabr: Sosial şəbəkələrdə hakimiyyəti tənqid edən pedaqoq həbs olunub.


İctimai fəal Dəyanət Səfərov sosial şəbəkələrdə hökumətin siyasətini tənqid etdikdən, o cümlədən prezident barəsində fikirlər səsləndirdikdən sonra saxlanılıb.


"Azadlıq Radiosu" xəbər verir ki, D.Səfərov dekabrın 22-də saxlanılıb. İki gün sonra Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıqov onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.


Peşəcə pedaqoq olan D.Səfərov bir nəfərə xəsarət yetirməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Bu maddəyə əsasən, onu 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


D.Səfərov heç kimə xəsarət yetirmədiyini və ədalətsiz yerə həbs olunduğunu bildirir.


Həbsindən bir gün əvvəl D.Səfərov "Facebook"da paylaşım edərək, Prezident İlham Əliyevin və ailəsinin idarəçilik üsulunun ölkədə problemlərə yol açdığını yazmışdı. O qeyd etmişdi: "Əliyevlərin hakimiyyəti ölkəni gücləndirmədi, əksinə, onu daha da kövrək etdi".


44 yaşlı ictimai fəalın üç övladı var.


May ayında D.Səfərov saxlanılaraq xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 30 sutka inzibati həbs cəzası almışdı. O, polisə müqavimət göstərməsi ilə bağlı iddiaları rədd etmişdi.


Bir çox ictimai və siyasi fəal oxşar şəkildə – kiməsə bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onların arasında Əfiyəddin Məmmədov, Kənan Zeynalov, Zamin Salayev, Əhməd Məmmədli, Nicat İbrahim və Emin İbrahimov kimi şəxslər var.


Onların hamısı heç kimə xəsarət yetirmədiklərini bildirirlər. Fəallar iddia edirlər ki, zərərçəkmiş olduğunu iddia edən şəxslər qəfildən ortaya çıxaraq özlərini xəsarət almış kimi qələmə verirlər.


Hazırda Azərbaycan həbsxanalarında 400 nəfərə yaxın siyasi məhbus var.


Rəsmi qurumlar isə ölkədə heç kimin öz fikirlərinə görə həbs edilmədiyini, saxlanılan şəxslərin törətdikləri konkret cinayətlərə görə məsuliyyətə cəlb olunduqlarını iddia edirlər.


 
 
 

Comments


bottom of page