top of page

Zorakılıq tətbiq edən Kaladze tərəfdarları məsuliyyətdən azad edildi

  • IHR
  • Sep 13
  • 1 min read
Zərərçəkənlər əməkdaşlıq etmədiyi üçün zorakılıq tətbiq edən Kaladze tərəfdarları azad edildi. Bannerə zərər vuran Megi Diasamidze girov müqabilində sərbəst buraxıldı.

Tbilisidə merliyə namizəd Kaxa Kaladzenin aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edən tərəfdarları azad edilib. Bu barədə Daxili İşlər Nazirinin müavini Aleksandr Daraxvelidze mətbuat konfransında bildirib.


"Zərərçəkən fəallar istintaqla əməkdaşlıq etmədilər və onların ifadələrinə əsasən, qrup halında zorakılıq ittihamı ilə saxlanılan iki şəxsin məsuliyyətə cəlb edilməsi mümkün olmadı. Buna görə də, bu gün onlar həbsdən azad edildilər", - deyə Aleksandr Daraxvelidze bildirib.


"Azadlıq Radiosu"nun Gürcüstan xidməti zərərçəkənlərdən ətraflı məlumat almağa çalışır.


Daxili İşlər Nazirinin müavini həmçinin prokurorluğun Kaxa Kaladzenin bannerinə zərər vurmaqda (üzərinə yazı yazmaqda) ittiham olunan 23 yaşlı fəal Megi Diasamidzenin girov müqabilində azad edilməsini tələb etdiyini bildirib. Lakin bu, ona qarşı cinayət işinin dayandırılması demək deyil.


Sentyabrın 10-da Gürcüstan Daxili İşlər Nazirliyi sentyabrın 8-9-da Tbilisidə, Melikişvili küçəsində baş verən hadisələrlə əlaqədar üç nəfərin saxlanıldığını elan edib. Onlardan ikisi nümayişçilərə qarşı zorakılıq tətbiq etməkdə, Megi (İrma) Diasamidze isə Tbilisinin meri və yeni müddətə namizəd Kaxa Kaladzenin seçki bannerinə zərər vurmaqda ittiham olunurdu. Daxili İşlər Nazirliyinin məlumatına görə, ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin "özgə əmlakını zədələmə və ya məhv etmə, əhəmiyyətli zərər vurma" maddəsini nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb.

 
 
 

Comments


bottom of page