top of page

Samir Aşurov: "Həkim dedi, gərək ölüm həddinə çatasan ki, sənə rəy yazım"

  • IHR
  • Nov 16
  • 1 min read
Siyasi məhbus Samir Aşurov 2 saylı Cəzaçəkmə Müəssisəsində sağlamlıq böhranı ilə üz-üzədir. Həkim müalicə sənədi yazmaqdan imtina edərək, Aşurovun "az qala ölməli" olduğunu söyləyib. Təcili tibbi yardım tələbi və tibbi etinasızlıq haqqında tam hesabatı oxuyun.
Samir Aşurov

Həbsdə olan fəal Samir Aşurov səhhəti ilə bağlı problemlərin davam etdiyini bildirir.


Həyat yoldaşı Nurana Aşurova Facebook-da yazıb ki, uzun müddət gözlədikdən sonra fəal nəhayət saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin baş həkimi ilə görüşüb. Həkim ona hesabat yazmaqdan imtina edib.


"Samir Aşurov baş həkim Səddam Hüseynlinin qəbuluna düşüb və ona ciyərlərinin ağrıdığını bildirib. Deyib ki, ona həbsxananın tibb müəssisəsində müalicə almaq üçün rəy yazsın. Baş həkim isə bildirib ki, “yaza bilmərəm, gərək sənin vəziyyətin o qədər ağır olsun ki, ölüm dərəcəsinə çatasan, mən də onda yaza bilim" - deyə xanımı yazıb.

Aşurov səbəbini soruşanda, həkim işindən şikayət etməyə başlayıb:


"Həkim dedi, get məndən şikayət elə. Artıq bezmişəm. İki həftədir işdən çıxmaq üçün ərizə vermişəm, məni işdən çıxarsınlar, artıq işləmək istəmirəm" - Nurana Aşurova ərindən sitat gətirərək bildirib.

O, həmçinin bildirib ki, Cəzaçəkmə Xidməti onun zənglərinə cavab vermir.


"Günahsız həbs etməkləri bəs etmir, siyasi məhbuslar müalicə edilmir, ölümə məhkum edilirlər. Neyləyək, dərdimizi kimə deyək? Samir Aşurovu həbsxanada necə xəstəliyə yoluxdurmusunuz, elə də müalicə edin," - deyə həyat yoldaşı bildirib.

Samir Aşurov 29 mart 2023-cü ildə Almaniyadan deportasiya edilib və 20 gün sonra polis onu saxlayıb. Ona bıçaqlama ittihamı irəli sürülüb.


18 dekabr 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.3-cü (silahla xuliqanlıq) maddələri ilə təqsirli bilərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.


O, günahsız olduğunu və bunun siyasi fəaliyyətinə görə cəza olduğunu bildirir. İnsan hüquqları müdafiəçiləri isə onu siyasi məhbus sayırlar.

 
 
 

Comments


bottom of page