Türkiyə məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini rədd etdi
- IHR
- Dec 17, 2025
- 1 min read

İstanbul Sülh Cəza Məhkəməsi Azərbaycan Milli Şurasının Əlaqələndirmə Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin İstanbulun Çatalca rayonundakı Deportasiya Mərkəzinə yerləşdirilməsi ilə bağlı şikayətini təmin etməyib.
Hacıbəylinin "Facebook" hesabında paylaşılan statusda deyilir: "Məhkəmə şikayətimi təmin etmədi və İnzibati Məhkəmədə apellyasiya şikayətinə baxılana qədər mənim qapalı şəraitdə, faktiki olaraq həbsdə saxlanılmağım barədə qərar çıxardı. Bu qərarın heç bir hüquqi əsası yoxdur və siyasi sifarişin icrasıdır".
Hacıbəyli Türkiyə qanunlarını pozmadığını vurğulayır.
"Hansı səbəbdən və hansı qərar əsasında məcburi şəkildə həbsdə saxlanıldığım bəlli deyil, halbuki mən Türkiyədə heç bir qanunu pozmamışam və bu ölkədə iki illik yaşama icazəm olub. Mövcud vəziyyətdə, barəmdə yalnız Türkiyədən deportasiya və 5 illik giriş qadağası qərarı olduğu halda, Türkiyə dövləti məndən yalnız ölkə ərazisini tərk etməyi tələb edə bilər. Lakin məhkəmə qərarı və hər hansı qanuni əsas olmadan, yalnız Miqrasiya İdarəsinin deportasiya qərarı və Azərbaycandan göndərilən sorğu əsasında faktiki olaraq həbsdə saxlanılmağım hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasıdır", - deyə Hacıbəyli qeyd edir.
O, hansı səbəbdən Türkiyənin dövlət təhlükəsizliyi üçün təhlükəli hesab edildiyini və bu əsasla deportasiya qərarı verildiyini anlamadığını bildirir.
"Deportasiya qərarı əsasında niyə mənə Türkiyəni tərk edib öz seçdiyim ölkəyə getməyə icazə vermirlər? Bütün suallarıma belə cavab verirlər: bu, Ankaradan gələn əmrdir", - deyə Hacıbəyli vurğulayır.
Noyabrın 29-da saxlanıldıqdan sonra Gültəkin Hacıbəyli İstanbulun Arnavutköy Miqrasiya Mərkəzinə aparılıb, bir neçə gün əvvəl isə Çatalca Geri Göndərmə Mərkəzinə köçürülüb.
Hacıbəyli İstanbulda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanılmasından bir neçə saat sonra saxlanılıb. Əli Kərimli oktyabrın ortalarında ev dustaqlığına məhkum edilmiş Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə "sui-qəsd" yolu ilə hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunur.
AXCP Kərimliyə qarşı ittihamları rədd edib və onun Mehdiyevlə əlaqələri barədə iddiaları yalan adlandırıb.Gültəkin Hacıbəyli
.png)



Comments