top of page

Baş Prokurorluq Dörd Şəxsi Sorğu-Sual üçün Çağırıb

  • IHR
  • Nov 16
  • 3 min read
Baş Prokurorluq xaricdə yaşayan 4 ictimai fiquru – Ərəstun Oruclu, Altay Göyüşov, Beydulla Manafov və Vaqif Allahverdiyevi dövlət əleyhinə çağırışlar (CM 281.2) ittihamı ilə istintaqa çağırıb. Onlar barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Vaqif Allahverdiyev; Ərəstun Oruclu; Altay Göyüşov; Beydulla Manafov

Baş Prokurorluq tərəfindən sorğu-sual üçün çağırılan şəxslər arasında aşağıdakılar var:


  • Ərəstun Oruclu, politoloq

  • Altay Göyüşov, tarixçi

  • Beydulla Manafov, jurnalist

  • Vaqif Allahverdiyev, “Victor Alexander” adlı “YouTube” kanalının təsisçisi


Hər dörd şəxs hazırda Azərbaycandan kənarda yaşayır.


Baş Prokurorluğun məlumatına görə:


Tarixçi Altay Göyüşov dövlət əleyhinə yönəlmiş açıq çağırışlara təhrik etməklə bağlı Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə irəli sürülən ittihamlarla əlaqədar 2025-ci il noyabrın 21-də İstintaq Baş İdarəsinə gəlməlidir. Binəqədi Rayon Məhkəməsi daha əvvəl, 2025-ci il fevralın 23-də Göyüşov barəsində qiyabi həbs qətimkan tədbiri seçmiş, daha sonra isə onu rəsmən təqsirləndirilən şəxs qismində cəlb etmək qərarını dəyişdirmişdir.


Beydulla Manafov Cinayət Məcəlləsinin 281.2 və milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salmaq, hüquqların məhdudlaşdırılmasına yönələn hərəkətləri nəzərdə tutan 283.1-ci maddələri ilə ittiham olunur. O, 2025-ci il noyabrın 20-də Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Göyüşov kimi, Binəqədi Rayon Məhkəməsi onun barəsində də qiyabi həbs qərarı çıxarıb və daha sonra təqsirləndirilən şəxs qismində cəlb olunması ilə bağlı əlavə qərar qəbul edilib.


ABŞ-da yaşayan Vaqif Allahverdiyev də sorğu-sual üçün çağırılıb. Onun barəsində də Binəqədi Rayon Məhkəməsi 2025-ci il fevralın 23-də qiyabi həbs qətimkan tədbiri seçib. Allahverdiyev kütləvi iğtişaşlara çağırış edən 220.2 və 281.2-ci maddələri ilə ittiham olunur.


Ərəstun Oruclu əvvəlcə Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ittiham olunub. Binəqədi Rayon Məhkəməsi fevral ayında onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib. Daha sonra, sentyabrın 18-də, ona qarşı irəli sürülən ittihamlara əlavələr edilərək, həm 220.2, həm də 281.2-ci maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Baş Prokurorluq onun noyabrın 21-i saat 14:00-da İstintaq Baş İdarəsinə gəlməsini tələb edir və Oruclunun istintaqdan qaçdığı üçün axtarışda olduğunu bildirir.


Baş Prokurorluq iddia edir ki, Ərəstun Oruclu 2023-cü il yanvarın 4-də “Arastun Oruclunun kanalı” adlı YouTube internet platformasında və 2024-cü il oktyabrın 24-də “Azerfreedom TV” kanalında hökumətə qarşı zorakılığa çağırışları təşviq edib.


Baş Prokurorluq rəsmi olaraq Altay Göyüşovun noyabrın 21-i saat 16:00-da İstintaq Baş İdarəsinə gəlməli olduğunu elan edib. Baş Prokurorluq Altay Göyüşovun 2020-ci il aprelin 20-də “Duz Danışag” YouTube kanalında və 2024-cü il sentyabrın 2-də və 2025-ci il yanvarın 1-də “Altay Goyushov” Facebook kanalında mövcud hökumətə qarşı zor tətbiq etməyə təşviq edən açıq çağırışlar etdiyini bildirir.


Qurum qeyd edir ki, adı çəkilən şəxslərin hər biri istintaqa çağırılıb və barələrində seçilmiş qiyabi həbs qətimkan tədbirləri qüvvədədir.


Baş Prokurorluq bundan əvvəl də xaricdə fəaliyyət göstərən bir çox bloqer və internet televiziyalarının nümayəndələrini oxşar ittihamlarla istintaqa çağırmış və onlar haqqında qiyabi həbs qərarları vermişdir. Son qərarlar arasında jurnalist Sevinc Osmanqızı və bloqer Abid Qafarovun da adları var.


Altay Göyüşov hazırda Parisdəki "Sciences-Po" Universitetində elmi işçi kimi çalışır və Müsavat Partiyasının və REAL Hərəkatının keçmiş üzvüdür. O, sosial şəbəkələrdə Azərbaycan hökumətini tənqid etməsi ilə tanınır.


Ərəstun Oruclu "Şərq-Qərb" Araşdırmalar Mərkəzinə rəhbərlik edir və əvvəllər Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. O, hakimiyyətə qarşı tənqidi mövqeyi ilə seçilir.


Baş Prokurorluğun bəyanatından sonra politoloq Ərəstun Oruclu ittihamlara qarşı çıxaraq heç vaxt çevrilişə və ya üsyana çağırış etmədiyini, əksinə, həmişə bu cür əməllərin pis olduğunu bildirdiyini qeyd edib. O, siyasi mühacir olmadığını vurğulayaraq, prokurorluqda onların suallarına cavab verəcəyini, lakin onların da onun suallarına cavab verməsini gözlədiyini bildirib.


KİM internet televiziyasının əməkdaşı olan Abid Qafarov isə vaxtilə Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, hərbi veteranlara qarşı böhtan və təhqirdə günahlandırılsa da, özünü təqsirli bilməyib və "Tərtər işi"ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirib.


ABŞ-da yaşayan Beydulla Manafov "Turan TV" və bir sıra xarici internet televiziyalarında tutduğu mövqe ilə tanınır.

 
 
 

Comments


bottom of page