top of page

Heç bir tənqidçi əlçatmaz deyil: Emin Hüseynov AŞPA-da Azərbaycanın transmilli repressiyaları barədə xəbərdarlıq edib

  • IHR
  • 9 hours ago
  • 3 min read

"Strasburq, Yanvar 2026 — Azərbaycanlı hüquq müdafiəçisi və İnsan Hüquqları İnstitutu (IHR) direktoru Emin Hüseynov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il qış sessiyası çərçivəsində keçirilən “Transmilli repressiyaları anlamaq: Avropanın demokratik məkanı və ən həssas demokratiyaları üçün risklər, modellər və nəticələr” adlı tədbirdə Azərbaycanın genişlənən transmilli repressiya kampaniyası barədə həyəcan təbili çalıb.


Çıxışında Hüseynov bildirib ki, Azərbaycan ifadə, toplaşmaq azadlığını və siyasi plüralizmi tamamilə məhv edib. Bütün müstəqil jurnalistlər, media işçiləri, fəallar, hüquq müdafiəçiləri və QHT rəhbərləri həbsdədir, müxalifət isə sıradan çıxarılıb və onun lideri Əli Kərimli hələ də həbsdə saxlanılır. Azərbaycanda siyasi məhbusların sayı artıq 400-ü keçib.


Hüseynov vurğulayıb ki, repressiyalar artıq Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. 2025-ci ilin martından bəri Azərbaycan Baş Prokurorluğu xaricdə yaşayan tənqidçilərə qarşı genişmiqyaslı qiyabi cinayət təqibi kampaniyasına başlayıb. Sürgündə olan ən azı 24 tanınmış hüquq müdafiəçisi, jurnalist, alim və fəal siyasi motivli cinayət işləri vasitəsilə hədəfə alınıb.


Hədəf alınanlar arasında hüquq müdafiəsi fəaliyyətlərinə və beynəlxalq maliyyəyə çıxışlarına görə Sübhan Həsənli və Aytac Ağazadə kimi vəkillər və vətəndaş cəmiyyəti liderləri; intellektual və akademik tənqidlərinə görə alimlər və analitiklər Altay Göyüşov və Ərəstun Oruclu; Azərbaycan auditoriyasını müstəqil məlumatla təmin etdiklərinə görə jurnalistlər Sevinc Osmanqızı və Qənimət Zahidov var.


Siyahıda həmçinin blogerlər və fəallar Tural Sadıqlı, Qurban Məmmədov, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orxan Ağayev, İmaməddin Əlimanov, Rafael Piriyev, Orduxan Temirxan, Abid Qafarov, Vaqif Allahverdi, Beydulla Manafov, Murad Quliyev və Manaf Cəlilzadənin adları var. Hətta keçmiş rəsmilər və sahibkarlar — Elşad Abdullayev, Arif Məmmədov və İlqar Hacıyev — korrupsiyanı ifşa etdiklərinə görə hədəfə alınıblar. Siyahıda olanların bir çoxu artıq qiyabi şəkildə məhkum edilib və uzunmüddətli həbs cəzalarına çarptırılıblar.


Hüseynov bu repressiyaların Avropanın daxilində ölümcül xarakter aldığını vurğulayıb. Fransada azərbaycanlı fəal Məhəmməd Mirzəli bir neçə sui-qəsd cəhdindən sağ çıxıb və hazırda 24/7 polis mühafizəsi altında yaşayır. Daha faciəli bir halda, siyasi fəal Vidadi İskəndərli 2024-cü ildə Fransadakı öz evində vəhşicəsinə qətlə yetirilib, ona 20-dən çox bıçaq zərbəsi vurulub. Hüseynov vurğulayıb ki, bu aktlar təsadüfi cinayətlər deyil, Bakının "heç bir tənqidçinin əlçatmaz olmadığı" barədə aydın mesajıdır.


O, həmçinin qardaşı, araşdırmaçı jurnalist və fəal Mehman Hüseynovun Əliyevlər ailəsi ilə bağlı son araşdırmasının dərcindən sonra ona qarşı yönəlmiş real ölüm təhdidləri ilə bağlı ciddi narahatlığını bildirib. Emin Hüseynovun sözlərinə görə, bu təhdidlər Azərbaycan dövlət mediası tərəfindən həm Mehman Hüseynova, həm də özünə qarşı başladılan əlaqələndirilmiş qaralama kampaniyası ilə müşayiət olunur. O xəbərdarlıq edib ki, bu gərginlik həyata birbaşa təhlükədir və Avropa Şurasının üzvü olan bir dövlət tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin — yaşamaq hüququnun — pozulmasıdır.


Çıxışda Azərbaycanın transmilli repressiyalarına şərait yaradan digər ölkələrin də iştirakı qeyd olunub. Türkiyə Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı davam etdirir, hazırda Gültəkin Hacıbəyli təcili ekstradisiya təhlükəsi ilə üz-üzədir. Hüseynov xatırladıb ki, Türkiyə 2014-cü ildə jurnalist Rauf Mirqədirovu ekstradisiya edib. Ukraynada isə blogerlər Elvin İsayev və Maqsud Mahmudov Azərbaycana təhvil verilib və hazırda işgəncəyə bərabər şəraitdə saxlanılırlar.


Hüseynov həmçinin hüquq müdafiəçisi Avtandil Məmmədovun uzunmüddətli təqibi haqqında ətraflı məlumat verib. Azərbaycanda repressiyalarla üzləşdikdən sonra Məmmədov 2017-ci ildə Gürcüstandan sığınacaq istəyib. Buna baxmayaraq, Azərbaycan onu 2018-ci ildə İnterpolun axtarış siyahısına salıb və 2019-cu ildə Bakının ekstradisiya sorğusu əsasında Gürcüstanda həbs edilib. O, doqquz ildir ki, sığınacaq ala bilmədiyi Gürcüstanda hələ də izlənilir və təqib olunur.


Gürcüstanda sığınacaq axtaran və 14 iyul 2021-ci ildə Tbilisidə öldürülən azərbaycanlı bloger Hüseyn Bakıxanovun işi də gündəmə gətirilib. Hüseynov Bakıxanovun ölüm şəraitinin gizlədilməsi cəhdlərini qeyd edib və xatırladıb ki, Avtandil Məmmədov bundan əvvəl Belçikada fəal Vüqar Rzayevin ölüm səbəblərini ifşa etmişdi.


Hüseynov iştirakçılara xatırladıb ki, təkcə 2021-ci ildə üç azərbaycanlı fəal oxşar şəraitdə xaricdə öldürülüb. Vüqar Rzayev 15 gündən sonra Belçikada çayda ölü tapılıb; Bayram Məmmədov 14 gündən sonra Türkiyədə dənizdə ölü tapılıb; Hüseyn Bakıxanov isə 15 gündən sonra Tbilisidə ölü tapılıb. Hər üç halda ölümlər barədə məlumat həftələrlə gizlədilib ki, bu da transmilli zorakılıq və ört-basdır edilmə halları ilə bağlı ciddi narahatlıq yaradır.


Çıxışının sonunda Emin Hüseynov bildirib ki, mühacirətdə olan fəallar hətta Strasburq və Cenevrə kimi diplomatik mərkəzlərdə belə fiziki izləmə, rəqəmsal casus proqramları hücumları və daimi hədə-qorxu ilə üzləşməkdə davam edirlər. O xəbərdarlıq edib ki, mövcud beynəlxalq müdafiə mexanizmləri uğursuzluğa düçar olur, çünki ev sahibi dövlətlər bu halları dövlət tərəfindən maliyyələşdirilən repressiya deyil, fərdi cinayət hadisələri kimi qiymətləndirirlər. Hüseynov Avropa Şurasına üzv dövlətləri “praqmatik” siyasi mülahizələrin insan hüquqlarını üstələməsinə son qoymağa və transmilli repressiyaları Avropanın demokratik məkanına birbaşa təhdid kimi tanımağa çağırıb.




 
 
 

Comments


bottom of page