İqbal Abilov: İlk Dəfədir ki, Bir Ildən Artıqdır Azərbaycandayam. Həbsxanada
- IHR
- Nov 12
- 2 min read

Talış mədəniyyətini tədqiq edən araşdırmaçı, Umbakı Penitensiar Kompleksindən ictimaiyyətə məktub yazıb. Məktubu olduğu kimi təqdim edirik.
"Mən Azərbaycandan gedəndə hələ 8 yaşım tamam olmamışdı. Keçən ilin yayına qədər Azərbaycana gəlişlərimin hamısını üst üstə qoysaq bir il belə olmaz. İndi o vaxtdan bu yana ilk dəfədir ki, mən bir ildən çoxdur Azərbaycandayam. Zindanda.
Amma mən özümü azad hiss edirəm – hər sabah oyananda, hər gecə yuxuya gedəndə, hər dəfə müstəntiqlərin, prokurorların, hakimlərin qarşısına çıxanda. Çünki insan özünə azad düşünməyə icazə verdiyi vaxta qədər azaddır. Öz ürəyində, evdə, universitetdə, zindanda, küçədə insan öz azadlığını öz vicdanı qarşısında təsdiq edir.
Kimsə düşünə bilər ki, mövcud şəraitdə mənim bu fikrim zindana aparan yol idi. Amma mənim üçün o həmişə azadlıq yolu olub. Azadlığın və elmi obyektivliyin yeganə mümkün olan yolu.
Həbs olunduqdan sonra gözlərimlə gordüm ki, Canni Rodarinin qəhramanı Çipollinonun atası Çipollone düz deyirmiş: zindanlarda neçə-neçə qeyrətli insanlar oturur! Məndən 30 gün sonra pasifist fikirlərinə görə Bəhruz Səmədov tutuldu. Sonra öz hüquqmüdafiəçi fəaliyyətinə görə Rüfət Səfərov həbs edildi.
Biraz sonra öz və digər siyasi dustaqların məhkəmə iclaslarında gördüyüm jurnalistlər Fərid İsmayılov, Ülviyyə Əli, Xəyalə Ağayevanın həbs olunduqlarının xəbərini eşitdim. Ötən bir il içində onların müstəqil mediyadakı həmkarları zindana salındılar: Şəmşad Ağa, Nurlan Qəhrəmanlı, Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı, Ramin Deko. Onlardan sonra ictimai fəal Əhməd Məmmədli də tutuldu.
Öz uzunmüddətli ictimai, siyasi və jurnalist fəaliyyətlərinə görə Tofiq Yaqublu, Anar Məmmədli, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ülvi Həsənli və AbzasMedia- daki həmkarları bugün həbsxanadadırlar.
Ellias Kanettinin sözlərini biraz başqa cür desək – Zindan bir təhdid olaraq iqtidarın xırda puludur. Siyasi məhbusların hamısı bu qanunsuzluğun corpus delicti – sidi.
Buradan onların hər birinə, onların yaxınlarına öz dəstəyimi göndərirəm. Onlara və mənə dəstək olan hər kəsə, bütün fəallara, ölkədaxili və beynəlxalq təşkilatların hamısına bir-bir öz minnətdarlığımı çatdırıram. Xüsusi minnətdarlığımı öz ailəmə, dostlarıma, yaxınlarıma, vəkillərim Rövşanə Rəhimovaya və Fariz Namazlıya, hüqüqlarımı müdafiə еdən komitənin sədri Hilal Məmmədova və bütün üzvlərinə çatdırıram.
Siyasi məhbusların düşüncələri bir birindən fərqli ola bilər, amma mən inanıram ki, hər kəsin öz fikrini azad ifadə etmək haqqı var. Çünki azadlıq bir birinə nifrətlə deyil, sadəcə öz haqqlarını düşünməklə deyil, qətiyyətlə bir birinin haqqlarını dəstəkləməklə gəlir"
.png)



Comments