Sevinc Vaqifqızı: “Heç kəs həqiqətləri üzə çıxardığına görə hər hansı təhdid, həbs, ölüm görməməlidir”
- IHR
- Nov 20
- 2 min read

Abzas Media-nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı, “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının Azad Mətbuat Mükafatları çərçivəsində “Cəsarət Mükafatı”na layiq görülüb.
Abzas Media-nın direktoru Günel Səfərova noyabrın 15-də Parisdə keçirilən mərasimdə mükafatı Vaqifqızı adından qəbul edib.
Səfərova həmçinin tədbirdə iştirak edənlərə Vaqifqızının məktubunu oxuyub.
Məktub aşağıdakı kimidir:
“Jurnalist sərhədsiz düşünməlidir ki, həqiqəti tapa bilsin. Həqiqət dövlətin manipulyasiyalarına tabe olmamalıdır. “Bizim milli maraqlarımız, dövlət maraqlarımız var” deyib həqiqəti gizlətməyə çalışmamalıdır. Jurnalist o şüarların qarşısında, o fikirlərə təslim olmamalıdır.
Mənim əsas mesajım budur ki, jurnalist həqiqəti tapmaq, göstərmək istəyirsə, onun düşüncəsində maneələr olmamalıdır ki, bunu üzə çıxarsa, bu, dövlətçilik, ya da milli maraqlara ziddir.
Həqiqət bəşəridir və sərhədsizdir. “Sərhədsiz Reportyorlar” da adlarından da göründüyü kimi, düşüncələrində mütləq sərhədsiz olmalıdırlar ki, həqiqəti tapa bilsinlər və həqiqəti dövlətin siyasətinə qurban verməsinlər. Mən sevinirəm ki, bu təşkilatda məhz sərhədsiz düşünən reportyorlar, sərhədsiz düşünən jurnalistlər təmsil olunur və nə bahasına olursa-olsun öz həqiqətlərini deməyə davam edən jurnalistlərdən təşkil olunub.
İstəyirəm ki, bu təşkilat daha da böyüsün və bu jurnalistlərin sayı daha da artsın ki, dünyada həqiqəti söyləmək adi normaya çevrilsin. Və bunun üçün xüsusi cəsarət tələb olunmasın. Biz niyə həqiqəti demək üçün mütləq cəsarətli olmalıyıq? Bu, normal olmalıdır. Kimsə həqiqəti dediyinə görə təqiblə üzləşməməlidir. Hər kəs rahat şəkildə bu həqiqətləri üzə çıxarmalıdır və bunun qarşılığında hər hansı təhdid, həbs, ölüm görməməlidir. Mən belə bir dünya arzulayıram”
“Sərhədsiz Reportyorlar” (RSF) Sevinj Vaqifqizi-ni öz inanclarına sadiqliyinə, susmaqdan qəti imtina etməsinə və ədalətsizlik qarşısında göstərdiyi gücə görə ləyaqət və ümid simvolu adlandırır.
Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs edilib. O, Abzas Media-nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, eləcə də Azadlıq Radiosunun əməkdaşı və iqtisadçı Fərid Mehralızadə ilə birlikdə saxlanılıb.
Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham olunublar, lakin bu ittihamları rədd ediblər. 20 iyun 2025-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənliyə, Sevinc Vaqifqızına, Hafiz Babalıya və Fərid Mehralızadəyə 9 il həbs cəzası verib. Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə “Abzas Media işi” ilə əlaqədar 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Qlobal media və insan hüquqları qrupları bu həbsləri Azərbaycanda müstəqil medianı susdurmaq cəhdi kimi qiymətləndirir.
.png)



Comments