Uşaq evindəki videonu yaydıqdan sonra 10 il həbs edilən Məhəmməd: "Buna görə mənə tor qurdular və cəzalandırdılar"
- IHR
- Dec 18, 2025
- 3 min read

Məhəmməd Hacıyev özünü təqsirsiz hesab edir. Yaşadığı 3 nömrəli uşaq evindəki pis rəftarı və oğurluq hallarını ifşa edən görüntüləri sosial mediada paylaşdıqdan sonra o, əvvəlcə psixiatriya xəstəxanasına göndərilib, daha sonra isə cinsi təcavüz ittihamı ilə həbs olunub. Hacıyev israr edir ki, uşaq evindəki qanunsuzluqları ictimailəşdirdiyi üçün ona qarşı təxribat törədilib. O, həm məhkəmə, həm də apellyasiya zamanı 10 illik həbs cəzasının quraşdırılmış ittihamlar əsasında verildiyini bildirib.
Hacıyevin vəkili Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunur ki, istintaq zamanı Hacıyevin hüquqları dəfələrlə pozulub, çünki o, yetkinlik yaşına çatmayan şəxs kimi həbs edilib. Hacıyev dövlət tərəfindən təyin olunmuş vəkilin onu lazımi qaydada müdafiə etmədiyini deyir. İş sənədlərində dindirilmə zamanı vəkilin iştirak etdiyi qeyd olunsa da, o, bunun yalan olduğunu bildirir: "Müstəntiq özü yazdığı ifadəni mənə məcburi imzalatdı."
Qarşı tərəfin bu iddialara münasibəti qaranlıq qalsa da, məhkəmə müdafiə hüququnun pozulmadığına qərar verib.
Kamera görüntülərini tələb edirdilər
Hacıyev uşaq evində azyaşlı oğlana hücum etməkdə ittiham olunur. Psixiatriya xəstəxanasından buraxıldıqdan sonra o, yenidən uşaq evinə qaytarılıb. İttihama görə, 2024-cü ilin avqustunda geri döndükdən sonra o, 13 yaşlı S.A.-ya qarşı cinayət törədib.
Hacıyev və vəkili cinayətin həqiqətən baş verdiyini sübut etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsindən və Apellyasiya Məhkəməsindən uşaq evindəki müşahidə kameralarının görüntülərini təqdim etməyi xahiş ediblər. Hacıyevin sözlərinə görə, müəssisənin hər yerində kameralar var: "İnternatın hər yerində kameralar var. Müstəntiqdən görüntüləri götürməyi xahiş etdim, amma o, bunu etmədi..."
O, həmçinin əlavə edib ki, hadisənin baş verdiyi iddia edilən vaxt Hövsanda olub. "Büllur" su şirkətində işlədiyini və gecələr konteynerdə yatdığını bildirib.
Yeni sübutların təqdim edilməsi qeyri-mümkündür
3 nömrəli uşaq evinin direktor müavini məhkəmədə bildirib ki, hadisə zamanı uşaqların yataq otaqlarında və sanitar qovşaqlarında müşahidə kameraları olmayıb. Bu səbəbdən S.A.-ya qarşı təcavüzün baş verdiyi iddia edilən yerlərin görüntülərini təqdim edə bilməyiblər. Direktor müavini Hacıyevin 10 illik həbs cəzasının qüvvədə saxlanılmasını xahiş edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi də kamera görüntüləri haqqında danışıb. O bildirib ki, uşaq evi İcra Hakimiyyətinin tabeliyində olanda yataq və hamam otaqlarında kameralar olmayıb. Sosial Xidmətlər Agentliyi idarəetməni təhvil aldıqdan sonra çoxlu kameralar quraşdırılıb: "Hadisədən çox vaxt keçdiyi üçün hər hansı sübutun təqdim edilməsi qeyri-mümkündür."
İddia edilən hadisə 2024-cü ilin avqustunda baş verib. Həmin vaxt uşaq evləri artıq Nazirlikdən Sosial Xidmətlər Agentliyinə verilmişdi.
Nazirlər Kabinetinin 12 dekabr 2023-cü il tarixli qərarına əsasən, əvvəllər Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 və 2 nömrəli ailə tipli kiçik qrup evləri və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki uşaq evləri Sosial Xidmətlər Agentliyinə verilib.
Məsələni araşdırdıqdan sonra Bakı Apellyasiya Məhkəməsi Hacıyevin şikayəti ilə bağlı qərar verib. Cəza dəyişdirilmədən saxlanılıb. Məhkəmə bildirib ki, Hacıyev həm ifadəsində, həm də həbs qətimkan tədbiri seçilərkən cinayəti etiraf edib. Məhkəmə vurğulayıb ki, ekspertiza rəyləri və şahid ifadələri də ittihamları təsdiqləyir.
Hacıyev valideynləri vəfat etdiyi üçün uşaq evində qalırdı. Onu oraya ögey qardaşı yerləşdirmişdi.
2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev 2023-cü ilin aprelində 3 nömrəli uşaq evindəki şəraitlə bağlı sosial mediada videomüraciət paylaşmışdı. O bildirmişdi ki, rəhbərlik və işçilər yaxşı ətləri evlərinə aparır, uşaqlara isə piy və sümük verilir: "Uşaqlar təkcə çörəklə doymurlar. Məktəbdə digər uşaqların yeməyinə baxırlar. Evli uşaqlardan yemək istəməyə məcbur olurlar. Ətin sümüklü, piy hissələrini bişirirlər, ətli hissələrini isə aparırlar. Südü, almanı aparırlar, bizə xarablarını saxlayırlar."
Bu paylaşımlardan sonra Hacıyev Maştağadakı Respublika Psixiatriya Xəstəxanasına göndərilib. Xəstəxananın o vaxtkı baş həkimi Ağahəsən Rəsulov yerli mediaya bildirmişdi ki, yeniyetmə psixi xəstə deyil: "Onun bəzi psixoloji problemləri var, amma çox cüzidir. Bakının yarısında o problemlər var. İndi əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır?! Problemi çox yüngüldür, bizdə qalmalı deyil. Onu uşaq evindən göndəriblər, biz də geri qaytarırıq. Uşaq evi rəhbərliyi onu geri qəbul etmək istəmir."
Bu açıqlamadan qısa müddət sonra Rəsulov yaş həddi səbəb göstərilərək işindən azad edilib.
.png)



Comments