Azərbaycan CPT ilə Əməkdaşlığı Bərpa Etdi
- IHR
- Oct 6
- 2 min read

Avropa Şurasının İşgəncə və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və ya Cəza Qadağanın Qarşısının Alınması Komitəsinin (CPT) nümayəndə heyəti ölkənin altıncı dövri baxışı çərçivəsində sentyabrın 22-dən oktyabrın 3-dək Azərbaycana səfər etdi. Bu, hakimiyyət orqanlarının bir il yarım əvvəl həbsxana yerlərini monitorinq etmək üçün onların ölkəyə girişinə icazə verməməsindən sonra CPT üzvlərinin ölkəyə ilk missiyası idi.
CPT-nin internet saytında dərc olunan məlumata görə, səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarında və penitensiar müəssisələrdə saxlanılan şəxslərə münasibət və onların saxlanma şəraitini öyrənmək idi.
Nümayəndə heyəti, həmçinin psixiatriya müəssisələrində saxlanılan şəxslərə münasibət, onların saxlanma şəraiti və onlara verilən hüquqi təminatlarla tanış oldu. Səfər həm də Azərbaycan hakimiyyəti tərəfindən CPT-nin əvvəlki səfərlərin yekunlarına dair tövsiyələrinə cavab olaraq görülən tədbirlərlə tanış olmaq imkanı verdi.
Səfər zamanı nümayəndə heyəti ədliyyə nazirinin müavini Toğrul Hüseynov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də yuxarıda adı çəkilən nazirliklərin, polis və penitensiar xidmətin digər rəhbər əməkdaşları ilə məsləhətləşmələr apardı. Bundan əlavə, Baş Prokurorluğun prokurorları, Polis Akademiyasının əməkdaşları və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) aparatı yanında Milli Preventiv Qrupun (işgəncələrin qarşısının alınması üzrə) üzvləri ilə görüşlər keçirildi.
Nümayəndə heyətinin üzvləri DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin, eləcə də Bakının beş rayonunun, həmçinin Gəncə və Yevlax şəhərlərinin Polis İdarələrinin Müvəqqəti Saxlanma Təcridxanalarına baş çəkdilər.
Bundan əlavə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iki digər İstintaq Təcridxanasında və bir penitensiar kompleksdə, habelə üç psixiatriya xəstəxanasında monitorinq apardılar.
Bəyanatın sonunda qeyd olunub ki, səfərin sonunda nümayəndə heyəti ilkin müşahidələrini Azərbaycan hakimiyyətinə təqdim edib.
Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi 2024-cü ilin iyul ayında Azərbaycan hakimiyyətinin bu qurumla əməkdaşlıqdan imtina etməsi ilə bağlı ictimai bəyanat yaydı. Bəyanat Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının 10-cu Maddəsinə uyğun olaraq verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərə qarşı pis rəftar və hətta işgəncə ilə bağlı qaldırılan məsələlərin "ciddiliyini" nəzərə alaraq, CPT həmçinin ictimai bəyanatın əlavəsi olaraq 2022-ci ildə Azərbaycana xüsusi səfərlə bağlı hesabatı dərc etmək qərarına gəldi.
38 səhifəlik hesabatda qeyd olunur ki, Komitənin nümayəndə heyəti yenidən cinayət törətməkdə şübhəli şəxs qismində polis nəzarətində olan və ya bu yaxınlarda saxlanılan şəxslərə qarşı tətbiq edilən şiddətli fiziki pis rəftar/işgəncə barədə çoxsaylı təsdiqlər alıb.
CPT nümayəndə heyətinin ölkəyə buraxılmaması Azərbaycan hökumətinin AŞPA məruzəçiləri ilə əməkdaşlığa son qoyulması və Assambleyanın müşahidə missiyalarının seçkilərə dəvət edilməməsi üzrə tədbirlərin davamı idi. Bu, 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətlərinin dayandırılmasının səbəblərindən biri oldu.
Comments