Donetskdə Ukrayna əsgərinə kömək etdiyi üçün müəllim həbs edilib
- IHR
- Dec 18, 2025
- 2 min read

Ukraynanın Donetsk vilayətinin Amvrosievka şəhərindən olan 65 yaşlı müəllim Rusiya məhkəməsi tərəfindən 12 il müddətinə azadlıqdan məhrum edilib. Rusiyanın nəzarətində olan ərazidə yaşayan Valentina Zayarnaya, 2022-ci ilin yayında ukraynalı əsgər Denis Storojuku öz evində gizlədib.
Rostovdakı Cənub Hərbi Dairə Məhkəməsi Zayarnayanı terror qruplaşması ilə əlaqədə olmaqda, partlayıcı maddələr saxlamaqda və terror aktı planlaşdırmaqda təqsirli bilib. "Mediazona"nın məlumatına görə, o, 12 il həbs cəzası ilə yanaşı, 500 000 rubl (təxminən 6300 dollar) məbləğində cərimə olunub.
İstintaqın məlumatına görə, Zayarnaya və Storojuk özünü "DXR" (Donetsk Xalq Respublikası) deputatı adlandıran Yaroslav Anikanı izləyiblər və onun avtomobilini partlatmaq niyyətində olublar. Zayarnaya Storojukun xahişi ilə içərisində bomba hissələri olan bağlamanı qəbul etməkdə ittiham olunub.
"Nastoyaşee Vremya" xəbər verir ki, Zayarnaya Storojuku (onu "Dima" kimi tanıyırmış) Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl tanıdığını iddia edib. O, Rusiyanın nəzarətində olan DXR ərazisində yaşayıb və anasının pensiyasını almaq üçün Mariupola gedib-gəlirmiş. Müharibə başlayanda Dima onunla əlaqə saxlayaraq Mariupolun dağıldığını və qalmağa yerə ehtiyacı olduğunu bildirib. Storojuk təxminən bir il Zayarnayanın evində qalıb.
Storojuk: Anika köhnə dost idi
D. Storojuk Ukrayna Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı olub və Mariupolda əməliyyat-axtarış şöbəsinə rəhbərlik edib. 2022-ci ilin mayında o, digər "Azovstal" müdafiəçiləri ilə birlikdə əsir düşməkdən yayınıb və işğal olunmuş ərazidə gizlənib. 2023-cü ildə FTX (FSB) əməkdaşları Storojuku həbs edərək Donetskdə saxlayıblar. 2024-cü ilin sentyabrında o, əsir mübadiləsi vasitəsilə Ukraynaya qayıdıb.
Azad edildikdən sonra Storojuk Rusiya əsgərlərinə qarşı təxribatlar törətdiyini və Amvrosievkadakı sursat anbarının partladılmasına kömək etdiyini bildirib. Lakin o, DXR deputatı Y. Anikanı işğal zamanı ona kömək edən köhnə dostu kimi təsvir edib və onu öldürmək planı olduğunu təkzib edib.
Rostov məhkəməsi Storojuku da qiyabi olaraq 22 il həbs cəzasına məhkum edib. Zayarnaya Storojukun fəaliyyəti, "Azovstal" müdafiəsindəki rolu və ya bağlamanın içindəkilər haqqında heç bir məlumatı olmadığını bildirib.
.png)



Comments