Müharibə Əleyhdarı Aktivist Saxlanma Şərtlərindən Şikayətləndi
- IHR
- 3 days ago
- 1 min read

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunaraq məhkum edilmiş Çexiyadakı Karlova Universitetinin doktorantı, müharibə əleyhdarı aktivist Bəhruz Səmədov cəzaçəkmə müəssisəsində saxlanma şərtlərindən şikayətlənib.
Onun nənəsi Zibeydə Osmanova bildirib ki, Səmədov 11 saylı cəzaçəkmə müəssisəsinin qapalı kamerasında saxlanılır.
Osmanova deyib: "Bəhruz mənə zəng etdi və koloniyanın qapalı kamerasına yerləşdirildiyini və orada 1,5 ay qalacağını bildirdi. Baxmayaraq ki, onların qaydalarına görə, o, belə bir yerdə iki həftədən çox saxlanılmamalıdır".
Onun sözlərinə görə, 1,5 aydan sonra Səmədov yenidən Umbakı Penitensiar Kompleksinə göndəriləcək və orada yenidən kamera şəraitində saxlanılacaq.
Nənəsi deyib ki, Səmədov ümidsizdir və özünə qəsd etmək niyyətindədir.
O qeyd edib ki, Səmədovun vəkili Zibeydə Sadıqova yaxın günlərdə onunla görüşəcək və ombudsmana müraciət edəcək.
29 yaşlı Bəhruz Səmədov 21 avqust 2024-cü ildə Azərbaycanda saxlanılıb və dövlətə xəyanət ittihamı ilə həbs edilib. İstintaqın versiyasına görə, o, Ermənistan nümayəndələrinin sifarişi ilə məqalələr yazıb və tərcümə edib. İttiham Bəhruz Səmədovun Ermənistandan olan üç qadınla yazışmalarına əsaslanır. Səmədov özü dövlətə xəyanət ittihamını qətiyyətlə rədd edib. Səmədov xarici nəşrlərdə ifadə etdiyi Azərbaycan hakimiyyətinə qarşı tənqidləri ilə tanınır. Müdafiə tərəfi hesab edir ki, onun həbsinin səbəbi "müharibə əleyhdarı fikirləri" olub.
İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib.
.png)



Comments