top of page

Ruslan İzzətli Təcridxanadan Yazır: “Ədalət Tərəzisi Güclünün Yanında Yer Alıb”

  • IHR
  • Oct 17
  • 1 min read
Ruslan İzzətli
Ruslan İzzətli

"Toplum TV işi" üzrə həbsdə olan III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli 20 aydır saxlanıldığı Bakı İstintaq Təcridxanasından (Kürdəxanı) ictimaiyyət üçün məktub yazıb.


16 Oktyabr 2025-ci il tarixində dərc olunan məktubunda İzzətli, təcridxanada eşitdiyi "ürəkağrıdan hekayələrdən" danışır. O, görmə qabiliyyəti olmayan, soyğunçuluqda ittiham edilən, bədəni iflic olmasına baxmayaraq narkotik satışı ilə ittiham olunan, habelə "atasının cinayətinə görə cəzalandırılan övladlar" gördüyünü qeyd edir. İzzətli, haqsızlığa susmağın və seyrçi qalmağın növbəti qurban olmaqdan xilas etmədiyini vurğulayır.


O, ölkədəki ədalət sistemini tənqid edərək bu ifadəni işlədib: “Çünki məmləkətdə ədalət ilahəsi Femidanın ədalət tərəzisi itaətkar toplumda çoxdan güclünün yanında yer almaqla seçimini edib”.


İzzətli, atasına görə cəzalandırılan, 24 yaşlı İkinci Qarabağ müharibəsi iştirakçısı və medallarla təltif edilmiş Rzayev Kamranın acı hekayəsini danışıb. Kamran, atası Şücaət Rzayevin sosial şəbəkədə talışlara qarşı kin və düşmənçilik aşılayan Nəzirxan Ağaxanovu cəzalandırması hadisəsi ilə əlaqədar iştirakçısı olmadığı cinayətdə ittiham olunaraq həbs edilib. Artıq Kamranın ağır onkoloji xəstə olan anasının həyat yoldaşı və iki oğlu həbsdədir. Kamran təqsirsizliyini sübut edəcək bütün faktları məhkəmə istintaqına təqdim etməsinə, hətta zərərçəkmişin belə onun cinayət günü orada olmadığını təsdiqləməsinə baxmayaraq, məhkəmədən gələn qeyri-rəsmi xəbərlər onda ədalətə olan inamı sarsıdıb.


Son görüşlərində Kamran çarəsizliklə İzzətliyə sual ünvanlayıb: “Ruslan müəllim, mən İkinci Qarabağ müharibəsində döyüşdüm. 30 ilə yaxın davam edən ədalətsizliyə döyüşərək son qoyduq. Sizcə Qələbənin 5-ci ilini bayram edəcəyimiz bir dönəmdə məni ədalətsiz qərarla üz-üzə qoyacaqlarmı?”.


Ruslan İzzətli dövləti idarəedənlərə səslənərək bu suala cavab verməyi və Vətən, bayraq eşqi ilə yaşayan bir gənci "uğrunda döyüşdüyü bayrağın asıldığı məhkəmədə ədalətsizliklə üz-üzə qoymamağı" tələb edir.

 
 
 

Comments


bottom of page