top of page

ECHR: Yalchin Imanov's Disbarment Was Unlawful

AİHM Yalçın İmanovun vəkillik statusundan qanunsuz məhrum edilməsinə qərar verdi. Müştərisinin işgəncə iddialarını açıqladığına görə ifadə azadlığı pozulub. Azərbaycandan təzminat tələb edilir.
Yalçın İmanov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 7 oktyabr tarixində azərbaycanlı hüquqşünas Yalçın İmanovun ölkənin Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı şikayəti üzrə qərar çıxarıb.


Qərarda xatırladılır ki, 20 noyabr 2017-ci ildə Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdi.


Vəkilin cəzalandırılmasına səbəb onun müdafiə etdiyi, “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Abbas Hüseynovun həbsdə işgəncəyə məruz qalması barədə şikayətinin ictimailəşdirilməsi olub.


Penitensiar Xidmət bu hərəkətdə "öz nüfuzuna zərbə" görüb. Hüseynovun işgəncə iddiaları obyektiv araşdırılmadığı halda, 22 fevral 2019-cu ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsi onun müdafiəçisi – İmanovun vəkillik fəaliyyətinə xitam verib.

AİHM, İmanovun şikayətinin hallarını araşdıraraq müəyyən edib ki, vəkilin mətbuata verdiyi açıqlamalar ictimai maraq doğuran məsələyə aiddir.


Strasburq Məhkəməsi öz qərarında qeyd edir ki, "vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində ictimaiyyətlə məhkəmələr arasında vasitəçi rolunu oynayır" və "bu status onlara ifadə azadlığına xüsusi təminat verir."


AİHM qeyd edib ki, milli məhkəmələr vəkilin bəyanatlarının ictimai əhəmiyyətini və onun işgəncə tətbiqi barədə dediklərinin araşdırılması zəruriliyini nəzərə almayıb.


Strasburq Məhkəməsinin qərarında vurğulanır ki, vəkillik statusundan məhrumetmə ən sərt intizam tənbehidir və bu tədbir mütənasiblik prinsipinə ziddir.


AİHM, Azərbaycan Hökuməti tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi və ailə həyatına, mənzilə və yazışmalara hörmət hüququ) maddələrinin peşəkar fəaliyyətə müdaxilə kontekstində pozuntusunu tanıyıb.


Strasburq Məhkəməsi vəkilə mənəvi zərərin əvəzi olaraq 10 min avro, məhkəmə xərclərinin ödənilməsi üçün isə 2 min avro təzminat ödənilməsinə qərar verib.


2017-ci ilin avqustunda Yalçın İmanov mediaya bildirmişdi ki, "Nardaran işi" üzrə məhkum edilmiş "Müsəlman Birliyi" Hərəkatı sədrinin müavini Abbas Hüseynov həbsxanada işgəncələrə məruz qalıb. Məhbusu ziyarət edən müdafiəçi onun bədənində çoxlu göyərmələr və zədələr müşahidə etmişdi. Bundan sonra Penitensiar Xidmət Vəkillər Kollegiyasına şikayət etmiş və bu qurum İmanovun vəkillik səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul etmişdi. Azərbaycan məhkəmələri Vəkillər Kollegiyasının qərarını təsdiqləmişdi.

 
 
 

Comments


bottom of page