top of page

Həmkarları Vəkil Z. Qəhrəmanova Qarşı İşdə Siyasi Motivləri Qeyd Etdilər

  • IHR
  • 5 days ago
  • 3 min read
ree

Oktyabrın 28-də Gəncə Apellyasiya Məhkəməsi xuliqanlıq və dələduzluqda ittiham olunan vəkil Zabil Qəhrəmanovun həbsindən verilən şikayəti təmin etməyib.


Qəhrəmanov və vəkilləri ittihamların əsassız olduğunu bildirərək, cinayət işinin qanunsuzluğuna və Gəncə Şəhər Məhkəməsinin onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarına diqqət çəkiblər. Qəhrəmanov həbsinin onun peşəkar vəkillik fəaliyyəti ilə bağlı olduğunu deyib. O, Gəncə polisinde saxlanılan vətəndaşlara qarşı özbaşınalıqları ictimailəşdirdiyinə görə həbs olunduğunu vurğulayıb," - deyə Qəhrəmanovun qohumu bildirib.


Lakin apellyasiya məhkəməsi şikayəti təmin etməyərək, hüquqşünası həbsdə saxlayıb.


Qəhrəmanovun müdafiəçisi, vəkil Səadət Seyidli hüquqşünasın saxlanıldıqdan sonra hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. "Saxlanıldıqdan sonra Zabil Qəhrəmanovun hüquqları kobud şəkildə pozulub. Ona yaxınları ilə, hətta təyin olunmuş vəkili ilə əlaqə saxlamağa icazə verilməyib. O, şəkərli diabetdən əziyyət çəkir, lakin dərman almaq imkanından məhrum edilib. Əvvəlcə Qəhrəmanov Göygöl rayonunda baş vermiş insidentlə bağlı xuliqanlıqda ittiham olunurdu. Biz israr etdik ki, Gəncə Polisinin ərazi yurisdiksiyası bu iş üzrə istintaq aparmağa haqqı yoxdur. Zabil Qəhrəmanov həmçinin Gəncə Polis rəisinin ona qarşı qərəzli olduğunu qeyd etdi. Lakin etirazlarımıza baxmayaraq, Gəncə prokuroru onları təmin etmədi və işi Gəncə polisinin icraatında saxladı. Biz Gəncə prokurorunun qərarından Baş Prokurora şikayət vermişik, lakin hələ ki, reaksiya yoxdur," - deyə Seyidli yerli jurnalistlərə bildirib.


Onun sözlərinə görə, Gəncə polisində istintaqın aparılmasına haqq qazandırmaq üçün Qəhrəmanova saxlanıldıqdan iki gün sonra əlavə olaraq dələduzluq ittihamı irəli sürülüb. O, bu ittihamın da "absurd" olduğunu qeyd edib. Xüsusilə, Qəhrəmanova müştəridən pul aldıqdan sonra məsələni onun xeyrinə müsbət həll etmək vədi verdiyi, lakin bunu etmədiyi irad tutulur.


"Vəkillər müştərilərlə müqavilə bağlamaqda və xidmətlərinə görə qonorar almaqda sərbəstdirlər. Vəkillik haqqında Qanuna və xidmət müqaviləsinə əsasən, vəkilin məsələnin müştərinin xeyrinə müsbət həllinə dair vəd vermək və ya zəmanət vermək öhdəliyi yoxdur. Buna görə də Qəhrəmanovun "vəd vermək və onu yerinə yetirməmək"də ittiham olunması tamamilə absurddur. Üstəlik, peşəkar, təcrübəli vəkil olan Qəhrəmanovun belə vədlər vermədiyi də bildirilir," - deyə Seyidli davam edib.

Vəkil Aqil Laiç bu cinayət işini saxtalaşdırılmış və siyasi motivli hesab edir. "Zabil Qəhrəmanov özünümüdafiə məqsədi ilə avtoyuyucuda ona hücum edən şəxsə ayağı ilə zərbə vurub. Dərhal onun barəsində şikayət ərizəsi verilib və iki saat sonra o, saxlanılıb," - deyə Laiç bildirib.


Digər bir vəkil Fariz Namazlı da Qəhrəmanovun işini "siyasi" hesab edir. "Qəhrəmanovun işinə tək bir vəkilin həbsi kimi baxılmamalıdır. Bu, Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti və vəkillərin təzyiq altında necə fəaliyyət göstərdiyini aydın şəkildə nümayiş etdirir. Zabil Qəhrəmanovun həbsi xüsusilə diqqətəlayiqdir, çünki bu halda iş vəkilin müstəqil mövqeyi, peşəkar fəaliyyəti və işlədiyi bölgədə hüquq-mühafizə orqanlarının qanunsuzluğuna qarşı güzəştsiz mövqeyi ilə əlaqəlidir. Deməli, onun həbsi açıq-aşkar siyasi motivlidir," - deyə vəkil Namazlı bildirib.


O qeyd edib ki, son bir il ərzində vəkillərin ictimai çıxış etmək, siyasi motivli işlərdə iştirak etmək və məhkəmə-istintaq orqanlarının fəaliyyətini tənqid etmək imkanları artıq "sistematik olaraq məhdudlaşdırılırdı."


"Vəkillər Kollegiyasının rəhbərliyinin mövqeyi və Milli Məclisdə vəkillərin mediada çıxışlarının "tənzimlənməsi" ilə bağlı müzakirələr aydın şəkildə göstərir ki, məqsəd vəkillərin səslərinə nəzarət etmək və onların tənqidi fikirlərini boğmaqdır. Belə şəraitdə Zabil Qəhrəmanovun həbsinə sırf "hüquqi məsələ" kimi deyil, məhkəmə-hüquq sistemində təhlükəli bir presedent kimi baxılmalıdır. Çünki vəkilin sırf peşəkar fəaliyyətinə və qanunun aliliyini müdafiə etməsinə görə təqib edilməsi bütün vəkillərə ünvanlanmış bir mesajdır," - deyə o əlavə edib.


Qəhrəmanovun həbsi son iki ildə Azərbaycanda müxtəlif ittihamlarla təxminən 30 müstəqil jurnalist və vətəndaş cəmiyyəti nümayəndəsinin həbs olunduğu bir dövrə təsadüf edir, Namazlı davam edib.


Qeyd edək ki, oktyabrın 10-da parlamentdə çıxış edən hakim "Yeni Azərbaycan" Partiyasının deputatı vəkillərin mətbuata müraciət etməsinin yolverilməz olduğunu bildirib. "Vəkilin funksiyası qəzetlərdə və internet televiziyasında etibarsız məlumat yaymaq deyil... Azərbaycan hüquqi dövlətdir və bu hüquqi dövlətdə qanunun aliliyi şəxsiyyətindən asılı olmayaraq hər kəsə şamil edilməlidir," - deyə Novruzov bildirib.

 
 
 

Comments


bottom of page